Rysiya Federasiyasının Kazan şəhərində keçirilən XVl BRlC Sammitinin beynəlxalq medianın və nüfuzlu beyin mərkəzlərinin diqqət mərkəzində olması təsadüfi deyil. Əvvəla, ona görə ki, 2006-cı ildə fəaliyyətə başlayan və hazırda 9 üzvü olan bu platforma dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu əhatə edir. BRICS yarandığı gündən indiyədək 100-ə qədər iqtisadi layihəyə 33 milyard ABŞ dollarına qədər investisiya qoyuluşu edib. 10-15 il əvvəl bu platformada birləşən dövlətlərin iqtisadiyyatı G7 ölkələrindən 4 dəfə geridə qalırdısa, hazırda bu fərq əhəmiyyətli dərəcədə azalıb və nüfuzlu “The Economist Group” ekspertlərinin peşəkar rəyinə görə, fərqin tamamilə aradan qalxacağı gözlənilir. Yəni, BRICS inkişaf etməkdə olan və iqtisadi cəhətdən rəqabətli bir platforma kimi getdikcə daha çox ölkələri özünə cəlb etməkdədir. Bu baxımdan, Kazanda keçirilən Sammitin dünyanın, xüsusilə aparıcı aktorların diqqət mərkəzində olması tam anlaşılandır.
Şübhəsiz ki, tədbirə yüksək maraq həm də geosiyasi rəqabət amilindən və Sammitə məhz Rusiya Federasiyasının ev sahibliyi etməsindən irəli gəlir. Belə ki, kollektiv Qərbin son üç ildə Rusiyaya qarşı çoxsaylı sanksiyalar, xüsusilə iqtisadi cəhətdən məhdudlaşdırma və izolyasiya məqsədini güdən təsir paketlərini qəbul etməsinə baxmayaraq, Kazanda 36 ölkənin və 6 beynəlxalq təşkilatın geniştərkibli nümayəndə heyəti, o cümlədən 22 dövlət və hökumət başçısı, eləcə də BMT-nin Baş katibi iştirak etdi. Təkcə bu faktın özü dünya ictimaiyyətinə göstərdi ki, Qərbin Rusiyanın izolyasiyasına hesablanmış sanksiya siyasətinin effekti təsəvvür və təqdim olunan mənzərədən xeyli fərqlidir. Aydındır ki, sanksiyalar hansısa ölçüdə Rusiya iqtisadiyyatına mənfi təsirini göstərir, amma bu, Qərbin gözlədiyi və arzuladığı nəticə demək deyil. Çünki ərazisinə görə dünyanın ən böyük ölkəsi sayılan Rusiya ilə indiyədək iqtisadi əlaqələr qurmuş və bundan bəhrələnən ölkələrin coğrafiyası yalnız Avropa ilə məhdudlaşmır. Nəticədə sanksiyalar paketi Rusiya ilə yanaşı, onunla coxşaxəli iqtisadi əlaqələri olan daha çox ölkənin iqtisadi təhlükəsizliyinə və dayanıqlığına təhdid yaradır.
Qərbdə bəziləri unudurlar ki, onların “ikinci sort” hesab etdikləri ölkələrin də öz demoqrafiyası və bəlli iqtisadi resursları mövcuddur. İstənilən dövlət öz mövcudluğunu qorumaq naminə iqtisadi əlaqələrinin genişlənməsinə və şaxələndirilməsinə ciddi önəm verir. Qərbdə bəzilərinin yürütdüyü ikili standartlar və ayrı-seçkilik siyasəti, kimisə izolyasiya etmək cəhdi onlara hansısa iqtisadi və ya siyasi dividend gətirsə də, bunun ömrü elə də uzun olmur. Eyni aktorlar onu da unudurlar ki, dünya iqtisadiyyatı əsrlər boyu bir-birinə zəncirvari şəkildə bağlanmış çoxsaylı ölkələrin iqtisadi əlaqələr sistemindən ibarətdir. Onlardan biri sıradan çıxarıldıqda və ya buna cəhd edildikdə, bu təkcə bir ölkəyə deyil, bütövlükdə iqtisadi əlaqələr sisteminə mənfi təsir göstərir. Ölçüsündən və təbii resurs səviyyəsindən asılı olmayaraq, müasir dünyada bir ölkənin izolyasiyasına hesablanmış sanksiya siyasəti hansısa məqamda öz təsirini itirməyə başlayır. Təbii ki, iqtisadi və siyasi ayrı-seçkilik istənilən cəmiyyətdə yalnız qıcıq yaradır, özünüqoruma instinkti həmin ölkələri daha çox səfərbər olmağa və mövcud iqtisadi əlaqələri şaxələndirməyə sövq edir. Amma Qərbdə “qurunun oduna yaşı da yandırmaq” yolunu seçənlər hələ də bu həqiqəti görmək və onu dəyərləndirmək istəmirlər.
BRICS Sammitinə ölkəmizin göstərdiyi marağın səbəblərinə gəldikdə isə, Prezident İlham Əliyev “Outreach”/ “BRICS+” formatının ilk plenar iclasındakı çıxışı zamanı buna kifayət qədər aydınlıq gətirdi. Dövlətimizin başçısı həm tədbir iştirakçılarına, həm də bu tədbiri kənardan xüsusi həssaslıqla izləyən dairələrə çatdırdı ki, Azərbaycan beynəlxalq münasibətlərin bərabərhüquqlu üzvü kimi bütün subyektlərlə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Bu mənada Prezident İlham Əliyevin verdiyi iki mesaj xüsusilə diqqət çəkir. Onlardan biri ölkəmizin Avrasiya məkanında tutduğu coğrafi mövqe, o cümlədən “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində oynadığı rol, habelə nəqliyyat və logistika mərkəzi kimi yaratdığı imkanların cəlbediciliyi ilə bağlıdır. Digər amil 200 ölkənin yekdil qərarı ilə COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibi seçilən Azərbaycanın bu mötəbər platforma çərçivəsində hədəflədiyi məqsədlərdən qaynaqlanır. Prezident İlham Əliyev artıq dünyada etibarlı tərəfdaş kimi tanınan və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən bir ölkənin dövlət başçısı kimi aparıcı aktorlarla yanaşı, dünya ictimaiyyətinə bu mühüm mesajı verdi: “Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.
Beləliklə, Azərbaycanın BRICS platformasına marağı, ilk növbədə, ölkəmizin iqtisadi təhlükəsizlik imkanlarının şaxələndirilməsi kimi olduqca praqmatik mövqedən qaynaqlanır. Sammitdə iştirak edən dövlətləri, o cümlədən Azərbaycanı hədəfə alan, sanksiya hədəsi ilə ölkəmizi şantaj edən və bu üsulla Azərbaycanın müstəqil xarici syasət kursunu öz maraqlarına uyğun şəkildə çərçivəyə salmağa calışan mərkəzlər, nəhayət, anlamalıdırlar ki, belə cəhdlər keçərsiz və qəbuledilməzdir, eyni zamanda istənilən ölkənin suveren hüquqlarına aşkar hörmətsizliyin ifadəsi deməkdir. Elə buna görə də xaricdən gələn istənilən siyasi basqı və hədə ritorikası bütövlükdə xalqımızın etiraz və hiddətinə səbəb olur. Çünki cəmiyyətimiz artıq görür ki, etnik ermənilərin Qarabağdan guya zorla çıxarıldığını iddia edən, daha irəli gedərək bunu riyakarcasına etnik təmizləmə adlandıran yalançıların şantaj və təhdid ritorikasının arxasında yalnız məkrli niyyətlər dayanır. Ona görə də Avropadan gələn istənilən qətnamə cəmiyyətimizdə ikrah və hiddətlə qarşılanır. Xaricdəki bəzi qüvvələr, nəhayət, onu da qəbul etməlidirlər ki, Azərbaycan Prezidentinin yürütdüyü açıq və müstəqil siyasətin təməlində rəhbərlik etdiyi dövlətin və xalqın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən əzəli maraqları dayanır. Prezident İlham Əliyev öz mövqeyini bu il sentyabrın 6-da nüfuzlu Çernobbio Forumunda olduğu kimi, dəfələrlə ictimai şəkildə bəyan edib: “Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik”.
Nə qədər absurd görünsə də, ölkəmizin və xalqımızın tarixi maraqlarının qorunmasına təminat verən bu siyasət xaricdəki məlum dairələrlə yanaşı, bəzi həmvətənlərimizi də nədənsə qane etmir. Belələrinin rəzilliyi elə iyrənc həddə çatıb ki, onlar “Qarabağın xristian əhalisinin” (oxu: ermənilərin) müdafiəsi çağırışı ilə Azərbaycanı hədəf seçən, ermənilərin etnik təmizlənməsi iddiasını uyduran, törətdikləri cinayətlərə görə həbs olunmuş separatçı rejimin təmsilçilərini “hərbi əsir və ya siyasi məhbus” adlandıran, onlara azadlıq tələb edən Avropa Parlamenti kimi təşkilatların qərəzli qətnamələrinə sevindiklərini artıq heç gizlətmirlər. Avropa Parlamentinin faktiki olaraq dövlət maraqlarımızı təhdid edən rəzil qətnaməsini böyük məmnunluqla qarşılayaraq ona “ədalətdən” don geyindirməyə çalışan istənilən müxalifətçi, jurnalist və ya blogger bilməlidir ki, elin qınağı çox ağır olur.
Bəziləri bunu bildiklərinə görə, sevinclərinə ən cılız arqumentlə haqq qazandırmağa çalışırlar. Utanmadan iddia edirlər ki, guya Azərbaycanda siyasi məhbus olmasaydı, Fransa kimi ölkələr və Avropa Parlamenti kimi təşkilatlar bunu bəhanə edib separatçı rejimin təmsilçilərini öz qətnamələrinə “hərbi əsir və ya siyasi məhbus” kimi sala bilməzdilər. Özlərini hamıdan “ağıllı”, “ən barışmaz” müxalifətçi, yaxud “peşəkar” jurnalist kimi cəmiyyətimizə sırımağa çalışan belələri, görünür, milli qınağın nə dərəcədə ağır damğa olduğunu çoxdan unudublar. Guya onlar bilmirlər ki, yarınmaqla ömür keçirdikləri məlum ölkə və təşkilatların yeganə məqsədi həbsdə olan separatçıları “qəhrəmanlaşdırmaq”, onların azadlığına nail olmaqdır?! Guya bilmirlər ki, yalnız bu səbəbə görə “siyasi məhbus və hərbi əsir” adlandırılan separatçıların böyrünə həm də azərbaycanlı məhkumların adları məqsədli şəkildə qoşulur?! Bilirlər, amma kin-küdurət gözlərini örtdüyünə, səbəbli əlaqənin açılması onları bəsləyənlərin işinə yaramadığına görə, cınqırlarını da çıxara bilmirlər. Unudurlar ki, ictimai fəaliyyətlə məşğul olan istənilən şəxs nə zamansa cəmiyyətin “sən kiminləsən və kimlərin maraqlarını qorudun?” sualı ilə mütləq üzləşməli olur və bu sualın obyektiv cavabından asılı olaraq, belələrinə vurulan milli qınaq damğasının izi heç vaxt silinmir. Özü də təkcə öz üzərindən deyil...
Ülvi Quliyev,
Milli Məclisin deputatı