“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya barəsində maarifləndirilməsi” layihəsinə start verib. Layihə rəhbəri Ayşən Hüseynovanın sözlərinə görə, soyqırım cinayətləri dünya miqyasında diqqətdə saxlanılan və bəşəriyyətin bu cinayətlərə qarşı sipər aldığı və ciddi addım atdığı məsələdir: “Tarix boyu bir sıra xalqlara qarşı soyqırım siyasəti həyata keçirilib və bu cinayətlər nəticəsində insan ölümü ilə yanaşı mədəni irsə, infrastruktura ciddi ziyan dəyir. Azərbaycana qarşı Ermənistan tərəfindən soyqırım siyasəti də davamlı və mqəsədli şəkildə həyata keçirilib. Xocalı, 31 mart soyqırımı, Başıbel, Ağdaban faciələri insanlığa qarşı amansızca törədilən və milli etnik siyasətin tərkib hissəsi olaraq həyata keçirilən planlı hadisələrə təəssüflər olsun ki, dünya birliyi hələ də layiqli qiymətini verməmişdir. Halbu ki, 9 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının 260 (III)A Qətnaməsi ilə "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya qəbul olunub. Bu konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minib. Aparılan araşdırma isə onu deməyə əsas verir ki, bir çox gənc və yeniyetmə bu konvensiya barəsində kifayət qədər məlumata malik deyil. Vətəndaş cəmiyyəti olaraq yeniyetmə və gənclərin konvensiya barəsində məlumatlandırma işinin həyata keçirilməsi başımıza gətirilən soyqırım hadisələrinin dünya miqyasında tanıdılmasında mühüm amil olduğunu nəzərə alıb bu istiqamətdə layihə keçirməyə qərar verdik”.
A.Hüseynova onu da bildirib ki, layihənin aktuallığı beynəlxalq konvensiyanın bizə verdiyi imkanlardan səmərəli istifadə edib haqq səsimizi dünyaya çatdırmaq, növbəti soyqırım siyasətinə hazır olmaq və beynəlxalq ictimayyətdə Ermənistanın terrorçu ölkə kimi tanınması yönündə yeniyetmə və gənclərin fəallığının artırılmasından ibarətdir: “Dünyanın 192 ölkəsi Beynəlxalq Millətlər Təşkilatının üzvüdür. Bu beynəlxalq qurumda bir sıra qətnamələr qəbul olunur, Azərbaycanla bağlı qəbul olunan 4 qətnamə təəssüflər olsun ki, kağız üzərində qalmasına baxmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev və Şücaətli Ordumuz bu qətnamələri yerinə yetirdi və 30 ildən artıq işğal altında olan torpaqlarımız düşməndən azad olundu. Tarix boyu mənfur qonşularımız tərəfindən azərbaycanlılara qarşı törədilən işğal və soyqırım hadisələri ilə bağlı davamlı və sistemli iş aparılsa da bu prosesdə yeniyetmə və gənclərin rolunun artırılması vacibdir. Bu baxımdan gənc və yeniyetmələr arasında "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya barəsində hüquqi maarifləndirmə işinin həyata keçirilməsi, gənclərin bu prosesdə aktiv iştirak etməsi günümüzün tələbinə çevrilib. Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği ilə bağlı həyata keçirilən tədbirlər sırasında bu qəbildən olan vətəndaşların "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya barəsində məlumatlanması Xocalı, 31 mart və digər soyqırımlarla bağlı məsələnin aktuallığını gündəmə gətirmiş olacaq. Bunun üçün təşkilat Bakı şəhərində və bir sıra tədbir keçirəcək. Bakıda həyata keçirilən tədbirlər Ali və Orta məktəblər səviyyəsində aparılacaq ki, bu da yeniyetmə və gənclərin beynəlxalq təşkilatlar qarşısında azərbaycanlıların soyqırımının tanınması prosesini sürətləndirəcək”.
2 ay həyata keçiriləcək layihənin məqsədi "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın verdiyi imkanlardan səmərəli istifadə edib ermənilər tərəfindən başımıza gətirilən Xocalı, 31 mart soyqırımları barəsində məsələni gündəmdə saxlamaq, yeniyetmə və gənclərin bu prosesin fəal tərəfdaşına çevrilməsini təmin etməkdən ibarətdir. Layihə dövründə konversiya və bir sıra beynəlxalq hüquqi aktları özündə əks etdirən kitabça hazırlanacaq. Bakı Ali Neft Məktəbi, Nizami Gəncəvi adına Xankəndi tam orta məktəbi və Xocalı rayon 2 saylı tam orta məktəbində tədbir keçiriləcək.