Ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan hissəni əhatə edən Zəngilan rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Belə ki, həm İran, həm mənfur qonşumuz Ermənistanla həmsərhəd olan Zəngilan Qarabağın digər regionları üçün sanki “qapı” rolunu oynayır. Bu baxımdan Zəngilanın işğaldan azad olunması və düşmən tapdağından təmizlənməsi mühüm hadisədir.
Təbiəti, təbii sərvətləri, faydalı qazıntıları ilə Respublikamızın ən zəngin rayonlarındandan olan Zəngilan Azərbaycanın tarixi irsini əks etdirən və xalqımızın qədim köklərinə işarə edən tarixi-dini, memarlıq abidələri ilə məşhurdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi tariximizə yazılmışdır. Eyni zamanda 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev Zəngilanın işğaldan azad edilməsi şərəfinə “Zəngilanın azad olunmasına görə” medalının təsis edilməsi barədə sərəncam imzaladı. Zəngilan uğrunda döyüşlərdə xüsusi şücaət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu bu medalla təltif olunub.
Zəngilanın azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirilməyə başlandı. Zəngilanın Ağalı kəndində 200 evdən ibarət ilk ağıllı kənd pilot layihəsi icra edildi. Kənddə artıq məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” kimi mərkəzlər, sahibkarlığa dəstək xidmətləri mövcuddur.
Zəngilan-Şərqi Zəngəzur-Ağbənd dəmir yolu layihəsi regionda həyata keçirilən loqistik bərpa işlərinin ən əhəmiyyətli istiqamətlərindəndir. Bu layihə və Zəngilan-Horadiz dəmir yolu xəttinin tikintisi ilə bu bölgənin həm ölkə daxilində, həm də xaricdə ticarət və yük daşınması üçün əsas marşrutlardan biri olacağı gözlənilir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı