Azərbaycan-Avropa İttifaqı: Prioritetlər, perspektivlər

Sivilizasiyalar arasında təbii coğrafi və mədəni körpü rolunu oynayan, nəhəng enerji, nəqliyyyat-kommunikasiya layihələrinin müəllifi və ən böyük maliyyə dəstəkçisi olan, regionda investisiyalar üçün ən cəlbedici məkan kimi tanınan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında siyasi, iqtisadi, eləcə də enerji, ticarət, investisiyalar və digər sahələr üzrə əlaqələr getdikcə inkişaf edir. Kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühitin mühafizəsi üzrə əməkdaşlığı daha irəliyə aparmaq üçün mühüm addımlar atılır.

Azərbaycan dünyanın əsas güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə əlaqələrə bu gün də xüsusi əhəmiyyət verir. Ölkəmiz indiyə kimi, Aİ ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb. Dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq və bu kimi məsələlər öz əksini tapıb. Respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində “Köhnə qitə”nin səylərinə dəstək verən Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına nail olub. Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə ölkəmiz istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini ehtimallar üzərində deyil, praqmatizm, qarşılıqlı fayda və maraqlar üzərində qurur. Aİ öz sərhədlərində sabitlik olmasını istəyir, Azərbaycanın enerji potensialına, nəqliyyat-kommunikasiya infrastrukturuna böyük maraq göstərir. Aİ yeni reallıqları tam olaraq qəbul edir. Azərbaycan Aİ ilə yaxın münasibətlərin qurulmasını istəyir, qarşısına üzvlük kimi qeyri-real hədəflər qoymur, müasir texnologiyalara, Avropanın enerji bazarına daha geniş çıxış istəyir. Bu, Avropanın enerji strategiyası ilə tamamilə uzlaşır. Azərbaycan Aİ-nin Cənubi Qafqaz region ölkələrinə eyni bucaq altından yanaşmasının tərəfdarıdır.

Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığı genişləndirmək üçün mühüm addımlar atan respublikamız Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkəmizin ticarət dövriyyəsinin təxminən 40 faizi Avropa İttifaqı ilə aparılır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında açar əhəmiyyətli ölkələrdən biridir. Bütün bunlar deməyə əsas verir ki, Aİ ilə Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq etibarlı əsaslar üzərində qurulub.

Əminə Ağazadə
Milli Məclisin deputatı