Beynəlxalq əlaqələrin inkişafında stateji tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu həm iqtisadi həm siyasi həm də beynəlxalq platformalarda üstünlüyün təməl daşıdır. Azərbaycanın strateji tərəfdaşları sırasında Slovakiyanın xüsusi rolu var. Məhz bunun nəticəsidir ki, bu gün işğaldan azad olunan ərazilərin bərpasında, minatəmizləmə və digər sahələrdə Slovakiyanın dəstəyi hiss olunur.
Cənab Prezident İlham Əliyev Slovakiya səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda bu məsələ toxunaraq bunları qeyd edib: “Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq”.
İki ölkə arasında energetika üzrə konkret layihələrin icrası, müdafiə sənayesi sahəsində tərəfdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Dövlət başçısı İlham Əliyev bu istiqamətdə layihələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq. Eyni zamanda, bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri hamı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”.
Onu da qeyd edək ki, Slovakiya ilə müdafiə sahəsində dialoq artıq praktik mərhələyə keçməkdədir. Slovakiya tərəfi özünün müdafiə sənayesi üzrə yüksək texnologiyaları və istehsal imkanlarını, Azərbaycan isə maliyyə və bazar imkanlarını qeyd etdi. Hər iki prezident müdafiə sahəsində texnologiya ötürülməsi, birgə istehsal və üçüncü bazarlara birgə çıxış imkanlarını müzakirə etdiklərini vurğulayıblar. Slovakiya nümayəndələrinin Azərbaycanda keçirilən hərbi paradda iştirak etməsi isə iki ölkə arasında hərbi-siyasi etimadın əməli göstəricisidir.
İkitərəfli əməkdaşlığın inkişafı və dərinləşməsi baxımından mühüm əhəmiyyətə malik olan Slovakiya səfəri iqtisadi və təhlükəsizlik kontekstində strateji tərəfdaşlığa çevirmək istiqamətində mühüm addımdır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı