Sülh və inkişafla assosasiya olunan yeni reallıqlar

Cənab Prezident İlham Əliyev yerli TV kanallara müsahibəsində Azadlığı Müdafiə Aktının 907-ci düzəlişi barədə və ABŞ-Azərbaycan münasibətlərinə dair fikir bildirib. O, müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən 907-ci düzəlişin Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini və bu düzəlişin tamamilə ləğvinin labüdlüyünü əsaslandırıb. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən bu qanunu qəbul etmişdir.

Azadlığı Müdafiə Aktının 907-ci düzəlişi Azərbaycan hökumətinə birbaşa ABŞ dövlət yardımını qadağan edən müddəa 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib. Maddə daha böyük xarici yardım qanun layihəsinin tərkib hissəsi kimi qəbul edilib və həmin qanun çərçivəsində həm Nümayəndələr Palatasından, həm də Senatdan keçib.

Bu düzəliş Birinci Qarabağ müharibəsindən başlayaraq 3 onillik ərzində müxtəlif dövrlərdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilib. 
Cənab Prezident bu prosesdə xüsusi aktiv olan şəxsin o dövrdə senator kimi, sonra vitse-prezident, daha sonra prezidentliyi dövründə Co Bayden olduğunu qeyd etdi. 

Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırmış, bunu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdır. Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Lakin ABŞ qoşunları oranı tərk etdikdə Azərbaycanın dəstəyi heç olmamış kimi unudulub. 

907-ci düzəliş ilə bağlı Konqresdə sonrakı dövrlərdə görülən tədbirlər və təşəbbüslərin həmmüəllifləri və dəstəkçiləri arasında ermənipərəst Senator Bob Memendez və Frank Pallone kimi şəxslər də olub. Onlar müxtəlif dövrlərdə 907-ci düzəlişin dayandırılması və ləğvinin prezident səlahiyyətlərindən çıxarılmasına çalışıblar.

Bob Menendez uzun illər ərzində Azərbaycan haqqında mənfi narrativlərin formalaşdırılmasında mərkəzi rol oynayıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri kimi o, ABŞ–Azərbaycan əməkdaşlığına ardıcıl şəkildə qarşı çıxıb, 907-ci düzəlişlə bağlı məhdudiyyətləri qətiyyətlə dəstəkləyib, açıq şəkildə Azərbaycanı insan hüquqlarının pozulmasında və aqressiyada ittiham edib. Menendez sonradan federal səviyyədə rüşvət və korrupsiya ittihamları ilə üzləşib və məhkum edilib və o siyasi etibarlılığını birdəfəlik itirib. 

Fran Pallon da ABŞ Konqresində, xüsusilə də qanunvericilik müstəvisində, Azərbaycanla bağlı mənfi siyasi narrativin formalaşdırılmasında ən fəal fiqurlardan biri olub. Ermənipərəst Konqres üzvü kimi tanınan Pallon erməni diasporunun pul maşını hesabına daim birtərəfli qaydada Azərbaycana qarşı lobbi aparıb. 2020-ci il Vətən müharibəsi zamanı və sonrakı mərhələlərdə Azərbaycanın əleyhinə sərt mövqedən çıxış edib.

Bu ilin 8 avqust tarixində Prezidentin Vaşinqton səfəri zamanı, həmçinin, Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlib. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.

Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. 

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edir: Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır. 

Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın ölkəmizdə iqtisadi fəallığı deməkdir. 

Hər zaman strateji düşünən, uzaqgörən Dövlət Başçımızın da vurğuladığı kimi, gözləntimiz regionda sülh və inkişafla assosasiya olunan yeni reallıqlar fonunda, 907-ci düzəlişin tamamilə ləğv edilməsidir. 

Milli Məclisin deputatı 

Pərvanə Vəliyeva