Sumqayıtlılar YAP-ın namizədlərinə səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov YAP-ın keçmiş seçkilərdə əldə etdiyi tarixi qələbələrdən bəhs edərək, bu dəfə də partiyanın qələbə qazanacağına olan dərin inamını ifadə edib.

Deputatlığa namizəd Hicran Hüseynova çıxış edərək əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. Namizəd bildirib ki, Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir və statistik göstəricilər də bu reallığı təsdiqləyir.

H.Hüseynova qeyd edib ki, cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ərazi bütövlüyünü bərpa edərək milli gücünü artırıb.

Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. H.Hüseynova seçiləcəyi təqdirdə xalqın inamını və etimadını doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verib.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Hümbət Quliyev, Şahin Şəfiyev, Elməddin Bəylərov YAP-ın ölkəmizə qazandırdığı nailiyyətlərdən bəhs edərək, seçiciləri partiyanın namizədinə dəstək verməyə çağırıblar. Onlar YAP-ın hər zaman xalqın mənafeyini qoruyan, güclü dövlət quruculuğu yolunda çalışan siyasi qüvvə olduğunu vurğulayıblar.

Seçicilər də çıxışlarında YAP-ın dövlətə və xalqa sadiq namizədinə səs verəcəklərini bəyan ediblər, partiyanın xalq üçün etdiklərini yüksək qiymətləndiriblər.

Görüşdən sonra, Hicran Hüseynova Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəman şəhidləri Teymur İsmayıl oğlu Mirzəyevin və Əlikram Novruz oğlu Şahbazlının ailələrini ziyarət edib.