“Qaldırılan məsələlərin aktuallığı, qoyulan sualların kəskinliyi, verilən bəyanatların və açıqlamaların obyektivliyi onu göstərir ki, Şuşa media ilə bağlı ən səmimi, açıq və şəffaf müzakirələrin keçirildiyi qlobal miqyaslı bir tədbirin məkanına çevrilir. Şuşa Forumu sadəcə bir media tədbiri kimi yox, həm də qlobal miqyaslı siyasi müzakirələr platforması kimi formalaşmaqdadır. Forum diplomatiyanın ənənəvi qəliblərini dağıdır, beynəlxalq siyasət aktorlarının köhnəlmiş düşüncə və davranış qaydalarının artıq işə yaramadığını göstərir, siyasətdə əxlaq və məsuliyyətin önəmini təbliğ edir. Beynəlxalq siyasət təlimləri iddia edir ki, diplomatiya dili suallara aydın və birmənalı cavab verməyib sonradan yarana biləcək bütün siyasi vəziyyətlərdə manevrlər etmək imkanı saxlamalıdır”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, “Realpolitik”prinsipləri siyasətdə əxlaqi dəyərlərin prioritet olmadığna inanır və diplomatiyanı az qala buqələmun obrazında təlqin etməyə çalışır: “Əslində 2- ci dünya müharibəsindən sonrakı bütün dövrlərdə beynəlxalq siyasət məhz bu prinsiplər əsasında aparılıb. Beynəlxalq media da bu prinsiplərə uyğunlaşaraq qlobal güc mərkəzlərinin beynəlxalq səviyyədə apardığı oyunlarda təzyiq, təhdid və şər alətinə çevrilib. Şuşa Forumu belə köhnəlmiş təsəvvürlərlərdən imtina etməyin mümkünlüyünü göstərir, siyasətin cəmiyyət və media qarşısında açıq, aydın, birmənalı və səmimi olmaq örnəyini yaradır.
Məhz bu Forumda dünyanın müxtəlif bölgələrindən gəlmiş jurnalistlər heç bir mövzu tabusu və vaxt məhdudiyyəti olmadan onları düşündürən ən aktual sualları Azərbaycan Prezidentinə ünvanlayaraq özündə heç bir sətiraltı məna gizlətməyən açıq və səmimi cavablar ala bilirlər”.
Millət vəkili bildirib ki, bu baxımdan, II Qlobal Media Forumunda Azərbaycan Prezidentinin media mənsublarına verdiyi cavablar Azərbaycan siyasətinin əsl mahiyyətini anlamaq və ölkəmizə qarşı qlobal media üzərindən aparılan təxribat xarakterli qarayaxma kampaniyalarını ifşa etmək üçün çox əhəmiyyətli oldu: “Prezident İlham Əliyev bir qayda olaraq ünvanlanan sualların hamısına açıq və birmənalı cavablar verir. TDT- nın bu günü və gələcəyi ilə bağlı verilən sualın cavabı da istisna olmadı. Prezident bu təşkilatın yaranmasını zəruri edən amilləri izah etməklə yanaşı onun gələcəyi haqqında düşüncələrini də media ilə bölüşdü. Tqrk geopolitik regionunda yaşayan xalqların eyni sivilizasiya köklərinə mənsubluğu, bu ərazidə yaranmış müstəqil türk respublikalarının eyni tarixi dövlətçilik ənənələrinə malik olması kimi vacib amillər türk dövlətləri arasında inteqrasiya proseslərinə təbii hal kimi baxmağı tələb edir. Bununla yanaşı bu gün düyada gedən qloballaşma Türk dövlətləri arasında inteqrasiya proseslərini nəinki mümkün, hətta zəruri edir. Burada formalaşmaqda olan Yeni Dünya Düzənində yer və söz sahibi ola bilmək niyyəti də həlledici amillərdən biridir. Bütün bunlar haqqında Prezident Əliyev Qərb diplomatiyasının ənənvi prinsiplərinə əməl edərək türk dövlətləri arasında mədəni- humanitar və ən uzağı iqtisadi- ticari əlaqələrin gücləndirilməsində maraqlı olduğumuzu deməklə kifayətlənə bilərdi”.
“Lakin dövlət başçısı İlham Əliyev Qərbli həmkarlarından fərqli olaraq beynəlxalq media qarşısında çox açıq danışdı. İlham Əliyev türk birliyinin güc mərkəzinə çevrilməli olduğunu bildirdi. Tək bu bəyanatın neçə qlobal güc sahibində qıcıq yarada biləcəyini və bu açıqlamadan sonra ölkəmizə qarşı hansı qarayaxma və sıxışdırma kampaniyalarının başlana biləcəyini təsəvvür etmək o qədər də çətin deyil. Lakin Prezident İlham Əliyev türk dövlətlərinin mübarizə əzminə və kənardan hər hansı təxribat cəhdlərinə qarşı onların müqavimət gücünə əmindir. Azərbaycan lideri öz siyasətinin gücünə və ədalətinə inanır, beynəlxalq siyasətdə etdiklərimizi və edəcəklərimizi heç kimdən gizlətmədən açıq söyləyir, beynəlxalq səviyyədə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Şuşa Forumu bunu bir daha bütün dünyaya göstərdi”,- deyə o əlavə edib.