Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrləri ayrı-ayrı məna çalarlarına görə səciyyəvi xarakter daşıyır. Onun siyasi fəaliyyətinin müxtəlif rakurslardan araşdırılması əliyevşünaslıq qarşısında duran ən vacib vəzifələrdən biridir. Heydər Əliyevin Sov.İKP MK-nın Siyasi Bürosundan istefasından sonrakı dönəmdə onun fiziki baxımdan yox edilməsinə yönəlik fəaliyyətlər nəticə vermədikdə bu böyük şəxsiyyətin təcrid edilməsi kursu götürüldü. Bu hal təəssüf ki, Azərbaycanın sovet rəhbərliyi və müstəqil Azərbaycanın ilk rəhbərliyi tərəfindən uğursuz olaraq davam etdirildi.Lakin böyük siyasi xadim Heydər Əliyev bütün bunlara sinə gərdi. Heydər Əliyevin paytaxta gəlişi opponentləri tərəfindən şok effekti ilə qarşılandı. Onun paytaxtda qalmasına imkan vermədilər və o, doğma yurdu Naxçıvana üz tutmalı oldu. Qısa müddətdən sonra Heydər Əliyevi Naxçıvan Ali Məclisinə deputat seçdilər.
Onu da qeyd edək ki, Heydər Əliyev siyasi hakimiyyətinin birinci dönəmində ömrünün demək olar ki, böyük bir hissəsini ən ali kürsülərdən deputat mandatı daşıyaraq keçirmişdir.
Dahi siyasətçi Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm əhəmiyyətli beş qərar qəbul etmişdir. İttifaq fondundan bu məqsədlə respublikaya külli miqdarda vəsait ayrılmışdır.
Bütün bunlara baxmayaraq, Heydər Əliyev özü də sonradan bir neçə dəfə çıxışlarında SSRİ-nin məhz imperiya olduğunu söyləmişdir. Odur ki, Heydər Əliyevin birinci hakimiyyəti dönəmi imperiya buxovları altında azad insanın mümkün fəaliyyəti ilə şərtləndirilməlidir. O, özü bu məsələlərə çox aydın şəkildə qiymət vermişdir. Odur ki, Heydər Əliyev fenomeninin ən səciyyəvi xüsusiyyətləri məhz Azərbaycanda milli azadlıq hərəkatının başladığı dövrdə daha qabarıq şəkildə üzə çıxmışdı. Tarixi ardıcıllığa müraciət edək. Heydər Əliyevin SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundan istefası Qarabağ probleminin açıq müstəviyə keçməsinə və bu münaqişə fonunda milli azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu.
Ulu Öndər bu barədə belə demişdir: "Ermənilər mənim Siyasi Bürodan istefama nail olduqdan cəmi 20 gün sonra Ermənistanda bir gün belə yaşamayan akademik Oqenbekiyan Fransada çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarını elan etdi".
Heydər Əliyevin vəzifə pillələrində irəli çəkdiyi Ayaz Mütəllibov, Əbdürrəhman Vəzirov SSRİ rəhbərliyinə yarınmaq məqsədilə ona qarşı qarayaxma kampaniyası apararaq onu ləkələməyə çalışırdılar. Onlar cidd-cəhdlə Heydər Əliyevin Bakıya gəlməsinin qarşısını almağa çalışırdılar. Hətta bu məqsədlə terrora əl atmaqdan belə çəkinmədilər. Amma bununla Heydər Əliyevin siyasi sferadan uzaqlaşdırılacağını düşünənlər yanılırdılar. Heydər Əliyevin terror aktından çəkinib siyasi səhnədən gedəcəyini düşünənlər onun kommunistlərin qurultayında iştirak etməyəcəyi xəbərini eşidəndə sevinmişdilər də.
26 iyul 1990-cı ildə Naxçıvanda çıxan "Şərq qapısı" qəzetinə müsahibəsində müxbirin qurultayla bağlı "Bu yaxınlarda Sov.İKP-nin XXVII Qurultayı öz işini qurtardı. Həm də Siz Naxçıvan partiya təşkilatı tərəfindən Azərbaycan kommunistlərinin ali məclisinə nümayəndə seçilmisiniz. Mümkünsə deyin, Sov.İKP-nin XXVII Qurultayı Sizə necə təsir etdi? Bir də Azərbaycan kommunistlərinin ali məclisinin birinci hissəsində iştirak etmədiniz, ikinci hissəsində iştirak etmək fikriniz varmı?" sualına Heydər Əliyev belə cavab vermişdir: "Sov.İKP-nin XXVII Qurultayı həqiqi partiyaçıların ümidlərini doğrultmadı. Qaldı ikinci məsələyə, mən Naxçıvan kommunistlərinə minnətdaram ki, Moskvada ola-ola məni qurultaya nümayəndə seçdilər, amma gedib-getməməyimi deyə bilmərəm. Çox qurultayların nümayəndəsi olmuşam, lakin Azərbaycan Kommunist Partiyasının XXXII Qurultayına nümayəndə seçilməyim mənim üçün böyük şərəfdir. Fəqət, mənim bu qurultayın açılışında iştirak etməyimə imkan vermədilər, qarşımı kəsdilər. Ona görə də bilmirəm, qurultayın ikinci hissəsinə getməyimə lüzum varmı? Güman ki, getməyəcəyəm".
Təbii ki, Heydər Əliyev kor-koranə şəkildə SSRİ rəhbərliyinə kölə kimi sitayiş edən şəxslərlə bir arada ola bilməzdi. Lakin Heydər Əliyev kimi böyük şəxsiyyətin sakit həyat tərzini seçəcəyi də inandırıcı deyildi. Odur ki, yerli əhali onu Naxçıvanın nümayəndəsi kimi deputat seçmək qərarına gəldi.
Heydər Əliyevin Naxçıvanda olduğu dövrdə xarici ölkələrin müxbirləri, o cümlədən qardaş Türkiyənin qəzetçiləri ondan tez-tez müsahibələr alırdılar. O, 1990-cı ildə Türkiyənin "Zaman" qəzetinin müxbiri ilə söhbətində müstəqillik məsələsinə toxunaraq deyirdi: "Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil dövlət olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədi Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi".
30 sentyabr 1990-cı il Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.
3 sentyabr 1991-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri oldu. Hadisələrin inkişaf strategiyasına diqqət edək. 26 iyul 1990-cı ildə Naxçıvanda çıxan "Şərq qapısı" qəzetinə müsahibəsində müxbirin "Dünən Nehrəm kəndinin camaatı Sizi Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd irəli sürdü. Mən inanıram ki, Siz deputat seçiləcəksiniz. Belə olan təqdirdə nə kimi platforma irəli sürmək istərdiniz?" sualına Ulu Öndər belə cavab vermişdi: "Siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrunda mübarizə aparmaq".
O vaxt Heydər Əliyev demişdi: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".
17 noyabr 1990-cı ildə muxtar respublikanın ali qanunvericilik orqanında məhz Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılmışdı. Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyada muxtar respublikanın rəsmi adından "sovet sosialist" sözləri çıxarılmış, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırılmışdı. Bunun ardınca 15 fevral 1991-ci ildə Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etmişdi. Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün ən gözəl nümunə olmuşdu.
Bu tarixi hadisə barədə böyük siyasi xadim Heydər Əliyev deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı".
Yeri gəlmişkən, onu da qeyd edək ki, Heydər Əliyevin deputat kimi fəaliyyətinin ayrı-ayrı çalarları müstəqil Azərbaycan dövlətinin xüsusi araşdırma mövzusudur. Heydər Əliyevin müstəqilliklə bağlı çağırışları, həyəcan dolu çıxışları, o cümlədən Azərbaycanın müstəqilliyini qəbul etməyənlərə qarşı sərt təpkisi onun parlamentari kimi fəaliyyətinin ən vacib səhifələrindən biridir.
Heydər Əliyevin Naxçıvana qayıtdığı dövr Qarabağ münaqişəsinin getdikcə genişləndiyi, o cümlədən Naxçıvana qarşı irimiqyaslı hərbi hücumların təşkil olunduğu zamana təsadüf edir. Böyük siyasətçinin həmin dövr qarşısında dayanan ən vacib vəzifələrini belə səciyyələndirmək olar - Azərbaycanın dövlət müstəqilliyinə nail olunması və ərazi bütövlüyünün təmin edilməsi. Odur ki, Heydər Əliyev bir yandan dünyanın diqqətini Qarabağ münaqişəsinə cəlb edərək onun həll olunmasına yardımçı olmağa, digər tərəfdən isə Naxçıvana olan hücumların qarşısını almağa çalışırdı. Qarşıda duran ən mühüm vəzifə isə Azərbaycan rəhbərliyinə tabe olmayan sovet qoşunlarının ərazidən çıxarılması idi. Azərbaycanın dövlət müstəqilliyi üçün ən böyük töhfə məhz bu ola bilərdi. Heydər Əliyev bunu bacardı. Bu missiya Heydər Əliyevin imzası ilə tarixə qızıl hərflərlə həkk olundu. Bu möhtəşəm tarixi hadisə 25 iyul 1992-ci ildə rəsmiləşdi. Bu, Heydər Əliyevin parlamentari kimi üçrəngli Azərbaycan bayrağının qəbul edilməsindən sonra həyata keçirdiyi ən parlaq addım idi.
Fenomen şəxsiyyət Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunmasına xidmət edən fəaliyyəti Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və bu diyarda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanırdı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu.
Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində muxtar respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq sahələrinin, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu.
Heydər Əliyevin Naxçıvanda qəbul etdiyi tarixi qərarlardan biri də "Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü"nün təsis olunması idi. O, Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdı. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar muxtar respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonrakı gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdı.
Muxtar respublikanın inkişafını və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. Blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. 24 mart 1992-ci il tarixdə Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, blokada şəraitində olan Naxçıvanı ağır durumdan xilas etməklə bərabər, Heydər Əliyevin deputat mandatı almaqla Azərbaycan parlamentində söz demək imkanı qazanması müstəqllik tariximizin ən şərəfli səhifəsinə çevrildi. Məhz bu imkan çərçivəsində Heydər Əliyev parlamentdən xalqa müraciət etmək imkanı qazandı. Heydər Əliyevin parlamentdə ilk çıxışı yeni ittifaq müqaviləsinə qoşulmaq məsələsi müzakirə olunduğu vaxta təsadüf edir. Siyasi Bürodan istefa verdikdən sonra Heydər Əliyevin bu çıxışını xalq qarşısında demək olar ki, ilk çıxışı hesab etmək olardı. Ümummilli Lider məhz burada öz ideoloji konsepsiyasını bəyan edəcəkdi. Uzun illər Kommunist Partiyasının rəhbər şəxslərindən olmuş siyasi lider demokratik və azadlıq dəyərlərinə münasibətini ilk dəfə geniş xalq kütləsinə çatdırmaq imkanı qazanırdı. Biz gənclər bu çıxışı diqqətlə və həyəcanla gözləyirdik. Bu, siyasi kumirimizin xalqa öz siyasi baxışlarını çatdıracaq çıxışı olacaqdı. Həmin vaxt parlament ideoloji baxımdan iki cəbhəyə bölünmüşdü - Azərbaycanın ittifaqdan ayrılıb müstəqil azad bir dövlət kimi yaşamasının tərəfdarları (müstəqilliyi istəyənlər) və ittifaqda qalıb köləliyi davam etdirmək (müstəqilliyin əleyhdarları) tərəfdarları. Müstəqillik tərəfdarları məhz Azərbaycan xalqının azadlıq istəyinin carçıları idilər. Bu siyasətçilərin avanqardı dahi siyasətçi Heydər Əliyev idi.
Azərbaycanın Sovet İttifaqının bir hissəsi olduğu, vahid SSRİ iqtisadiyyatının hökm sürdüyü bir vaxtda Heydər Əliyev 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında xalq deputatı kimi çıxış etdi. Bu çıxış Heydər Əliyevin müstəqillik konsepsiyasının ilk elanı, xalqın müstəqilliyə çağırışının təntənəsi idi. O, öz nitqində Azərbaycan xalqının başqa xalqlara nisbətən daha çox müstəqil olmağa, yeni təklif edilən ittifaq müqaviləsindən imtina etməsinin əsası olduğunu vurğuladı. Eyni zamanda Bakıda tətbiq edilən fövqəladə vəziyyətin yaratdığı qorxu və çarəsizlik sindromunu aradan qaldırmağı bacardı, gələcəyə ümid işığını alovlandırdı. Heydər Əliyevin bu çıxışı öz ideoloji fəlsəfəsinə və siyasi mahiyyətinə görə haqqında cild-cild əsərlər yazılacaq bir çıxışdır.
Heydər Əliyev məsələnin taleyüklü olduğunu vurğulayaraq qeyd edirdi: "Yeni ittifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. 1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız bu ittifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu ittifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu ittifaq daxilində görmüşük. Mən və mənimlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım ittifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu ittifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik".
Bundan sonra Heydər Əliyev SSRİ-nin siyasi-fəlsəfi mahiyyətini açaraq praktik nümunələr gətirməklə SSRİ-nin imperiya olduğunu elan edir: "Fəqət, son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır".
Heydər Əliyev parlamentdəki ilk çıxışında ideoloji məsələyə sərt və açıq münasibətini bildirir. Özünün milyonlarla tərəfdarını və xüsusilə gəncləri müstəqillik ideyalarının arxasınca getməyə və Azərbaycanın dövlət müstəqilliyinə nail olmağa çağırırdı. Çünki müstəqillik Heydər Əliyevin həyat kredosu idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev qısa müddətdə Qarabağ münaqişəsinin həlli üçün ən vacib adddım olan atəşkəsə nail oldu. Daha sonra bu il 30 ili tamam olan "Əsrin müqaviləsi"ni bağladı. İqtisadi inkişaf, ordu quruculuğu, balanslaşdırılmış xarici siyasəti təmin etməklə Azərbaycanın gələcək inkişafının təməllərini möhkəm əsaslarla qoydu.
Butün sahələrdə strateji hədəfləri müəyyən edən Heydər Əliyevin Azərbaycan xalqına ən böyük töhfəsi isə uğurlu siyasi varisini yetişdirməsi oldu. Məhz bunun nəticəsində 44 günlük Zəfər müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Azərbaycan tarixinin yeni dövrü - quruculuq dövrü başladı. Azərbaycanda siyasi plüralizmin yüksək səviyyədə həyata keçirilməsi, demokratik seçki ənənələrinin yaradılması Heydər Əliyev zəkasının və İlham Əliyev qüdrətinin təzahürüdür. Bunun nəticəsidir ki, Azərbaycanın bütün ərazisini əhatə edən demokratik, şəffaf, azad rəqabət mühitində keçən daha bir parlament seçkisini uğurla başa vurduq.
Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş Heydər Əliyevin fəaliyyətinə özünün mənəvi bağlılığını ifadə edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: "Mən daimi bir məqamı ürəyimdə saxlayıram ki, mən atamın inamını doğrultdum. Bu gün əminliklə bu barədə deyə bilərəm ki, onun ruhu şad olardı! Çünki bugünkü Azərbaycan onun əsəridir! Müstəqil Azərbaycan onun əsəridir!"
Sadiq QURBANOV,
VI çağırış Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri