Son günlər qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtobus zolağına daxil olarkən cərimələnməsi məsələsi gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, avtobus zolaqlarında sərnişin mindirib-düşürərkən cərimə edildiklərini bildirən taksi sürücüləri onlara güzəştlərin edilməli olduğunu düşünürlər. Sözügedən zolaqda saxlamağa görə digər nəqliyyat vasitələrinə tətbiq edilən 100 manat+2 cərimə balı cəzasının onlara şamil edilməməsini istəyən sürücülər qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini vurğulayırlar.
Hazırda bir sıra qonşu ölkələrin iri şəhərlərində, eləcə də Tbilisi və Moskvada dövlət tərəfindən fərqlənmə nişanı verilmiş, rəngi, nömrəsi ilə fərqlənən və sistemə daxil edilmiş taksilərin avtobus zolaqlarından sərnişin mindirib-düşürmək üçün istifadəsinə, avtobus dayanacaqlarına yanaşmasına icazə verilir. Lakin Bakıda bu istiqamətdə işlər hələ yeni-yeni görülməyə başlayır. Belə ki, taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin böyük hissəsi qanuni prosedurlara cəlb edilməyib və optimallaşdırma prosesi davam edir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı hesab edir ki, Bakıda ilk növbədə taksi duracaqlarının sayı artırılmalı və həmin ərazilərə nəzarət gücləndirilməlidir: “Şəhərdə taksi duracaqlarının sayı çox azdır. Taksilərə aid duracaq yerlərini başqa avtomobillər zəbt edib. Hələ bir aydır ki, qanuna dəyişiklik edildi və taksi duracaqlarında başqa avtomobilləri parklamağa görə sürücülər 40 manat cərimələnəcəklər. Lakin əsas sual odur ki, taksi duracaqlarının sayı onların fəaliyyətinə kifayət edirmi? Əlbəttə, etmir. Hətta duracaqların avtomobil tutumuna da diqqət etsək görərik ki, heç 3 avtomobil parklamağa da şərait yoxdur”.
E.Muradlı bildirib ki, taksi sürücüləri sifariş götürərkən bir çox hallarda təyinat nöqtəsi avtobus zolağının kənarında yerləşir və bu da sürücülər üçün çətinlik yaradır: “Taksi sürücülərinin avtobus zolağına girərək müştəri götürüb hərəkət etməsi onların 2 bal və 100 manat cərimələnmələri ilə nəticələnir, lakin onların gündəlik qazancı hər dəfə müştəri götürmələri səbəbilə bu cəriməni ödəməyə kifayət edə bilməz. Bu problem qanunverici, yaxud icraedici orqan tərəfindən həll edilməlidir”.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, hazırda taksilərin avtobus zolaqlarından istifadəsi məsələsi müzakirə mövzusu deyil: “Avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırdıqda yolun buraxılış qabiliyyəti dəfələrlə artır.
Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsi hazırlanıb və yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.
Hazırda paytaxtın 24 küçə və prospektində uzunluğu 75 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi hazırda müzakirə olunmur”.
Tural Orucov əlavə edib ki, bu günədək taksi fəaliyyəti üçün 13 356 “Buraxılış kartı” alınıb, 27 517 sürücü təlimlərə cəlb edilib: “Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirlərinin görülməsi nəzərdə tutulub. Avtobus zolaqlarından digər nəqliyyat vasitələrinin istifadəsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. Belə ki, bu inzibati xəta 100 manat məbləğində cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir”.
Bakı şəhər DYP İdarəsinin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli də saytımıza bildirib ki, taksilərin və şəxsi minik avtomobillərinin avtobus zolaqlarından istifadəsi mövcud qanunvericiliyə uyğun deyil: “Mövcud qanunvericiliyin tələbinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır”.
Onu da vurğulayaq ki, avtobus zolaqları, velosiped zolaqları və bu kimi bir neçə digər yenilik ölkəmizin nəqliyyat şəbəkəsində yeni anlayışdır və bununla bağlı qanunvericilikdə - bir sıra qanunlarda dəyişikliklərə ehtiyac var. Belə ki, hazırda bir sıra hərəkət iştirakçısı velosiped və ya avtobus zolaqlarına münasibətdə mübahisəli məsələlərin həm qanunla, həm də praktiki cəhətdən həllini gözləyir.
Nizam Rza