Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının Təftiş komissiyası sədrinin müavini
Azərbaycan Respublikasının müasir tarixinin ən önəmli hadisələrindən birini keçən əsrin sonlarında mütərəqqi ideyaların daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının siyasi arenaya daxil olması təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyev bu barədə demişdir ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.
Nəzərə almaq lazımdır ki, Yeni Azərbaycan Partiyası həddindən artıq mürəkkəb və çətin bir şəraitdə ön plana çıxan siyasi təşkilat olmuşdur. Ölkəmizdə cərəyan edən iqtisadi böhran, siyası xaos şəraiti, torpaqlarımızın işğal edilməsi dövlət müstəqilliyinə ciddi təhdidlər yaratmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni ağır vəziyyətdən çıxara biləcək mütəşəkkil bir partiyanın yaradılması təşəbbüsünü irəli sürərək, xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin ətrafında birləşdilər. Ölkə Başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında “91-lər”in fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, “onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.”
Ulu Öndər 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərlik etməyə razılığını bildirdi və 1992-ci il noyabrın 21-də Heydər Əliyevinsədrliyi ilə Naxçıvanda partiyanın təsis konfransı keçirildi.
Hakimiyyətdə olan qüvvələrin təzyiqlərinə baxmayaraq, 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gələrək, təşklatın yaradılmasına nail oldu.Bütün çətilikləri geridə qoyaraq,1992-ci ilin 18 dekabr tarixində yenisiyasi təşkilat Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçdi.
Ümummilli Liderin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası siyasi arenaya fəal şəkildə daxil olaraq qısa müddət ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə və ümumxalq təşkilatına çevrildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “xalqda böyük ümidlər yarandı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”. Həqiqətən də yaradıcısı Ulu Öndərolan siyasi təşkilat - Yeni Azərbaycan Partiyası “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi.
YAP-ın 2005-ci il 26 mart tarixində keçirilmiş III-cü qurultayında Prezident İlham Əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi Ulu Öndərin siyasi kursuna, dövlətçiliyimizin inkişafında Heydər Əliyev konsepsiyasına sadiqliyi nümayiş etdirərək, yeni böyük uğurların astanasında olduğumuzdan xəbər verirdi.
Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin beynəlxalq müstəvidə həyata keçirdiyi hücum siyasəti strateqiyasının ən parlaq nəticəsi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası olmuşdur.
Cənubi Qafqazın ən böyük mütəşəkkil siyasi qüvvəsi olan, 700 mindən çox insanı sıralarında birləşdirən təşkilat qloballaşan dünyada cərəyan edən mürəkkəb hadisələrin fonunda ölkəmizin qarşısında duran mühüm problemlərin həllində avanqard rolunu oynayır və uğurlu fəaliyyətini davam etdirərək, milli maraqların müdafiəsində əzmkarlıq nümayiş etdirir.