Təhsil gələcəyimizin təminatıdır!

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Bu gün ümumilli lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Cənab Prezident İlham Əliyev də Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirir. Cənab Prezidentin bu istiqamətdə müvafiq fərman və sərəncamları olur. Təhsil ocaqlarının təmiri, işğaldan azad olunan ərazilərdə müasir təhsil komplekslərinin inşası da onu deməyə əsas verir ki, Azərbaycan təhsili öz inkişaf dövrünü yaşayır. Statistik göstəricilər də onu deməyə əsas verir ki, bu istiqamətdə ciddi uğurlarımız var. 

Təhsilin inkişafı ilə bağlı Heydər Əliyev Fondunun və xüsusilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da danılmaz fəaliyyətləri var. Fondun dəstəyi ilə bu istiqamətdə davamlı işlər görülür. Təhsil ocaqlarından müasir standartlara cavab verən sinif otaqları quraşdırılır ki, bu da şagirdlərin təhsilə marağının artmasına səbəb olur. 

Respublikanın hər yerində olduğu kimi Naxçıvanda da təhsilin inkişaf diqqət mərkəzindədir. Təkcə bu ilin statistik göstəricilərinə nəzər salanda aydın olur ki, Naxçıvanda olan abuturiyentlərin böyük çoxluğu tələbə adını qazanıb. Onlar müxtəlif Ali Təhsil ocaqlarına qəbul olublar. 

Bu il fəaliyyətinin 20 illiyini qeyd edən Heydər Əliyev adına tam orta məktəbdə təhsilin inkişafı, şagirdlərə yüksək təhsil verilməsi istiqamətində mühüm işlər görülür. Burada şagirdlərə müasir təhsil şəraiti yaradılıb. Burada şagirdlərin hərtərəfli biliyə yiyələnməsi ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdə saxlanılır. 87 müəllim və 624 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 1200 şagird təhsil alır. Ötən 20 il ərzində məktəbi 910 məzun bitirib ki, onlardan da 729-u ali məktəblərə qəbul olunub. Həmin məzunlardan 170-i 500-700 intervalında bal toplayıb. Məzunların 56-sı ümumi orta təhsil haqqında fərqlənmə attestatına, 6-sı qızıl, 4-ü gümüş nişana və 5-i isə Prezident təqaüdünə layiq görülüb. 2024-2025 -ci tədris ilində də tam orta təhsil səviyyəsi üzrə məktəbi bitirən 69 məzundan 40 nəfəri 200-dən yuxarı bal toplayıb. 2007-2008-ci tədris ilinin nəticələrinə uyğun olaraq məktəb “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsinin qalibi olub. Eyni zamanda təhsildə yüksək nəticələr əldə etdiyinə görə məktəbin müəllimi 2008-2009-cu tədris ilinin yekunlarına görə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Ötən 20 ildə məktəbin müəllimlərindən 23-ü təhsil sahəsində fəaliyyətlərinə görə təltif edilib. Onlardan 7 nəfərinə Azərbaycan Respublikasının Əməkdar müəllimi, 11nə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adları verilib, 5-i isə “Tərəqqi” medalına layiq görülüb.

Biz də öz növbəmizdə 5 oktabr beynəlxalq müəllimlər günü münasibəti ilə bütün təhsil işlərini təbrik edir, onlara fəaliyyətində uğurlar arzulayırıq. 

Arzu Həziyeva

Naxçıvan Heydər Əliyev adına tam orta məktəbin müəllimi