“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) yeddinci qurultayı baş tutub”.
Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı TDBB-nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
30 ölkədən 1235 nəfər bələdiyyə nümayəndəsinin iştirak etdiyi qurultay Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun tədbir iştirakçılarına videomüraciəti ilə başlayıb.
Qurultayın idarə edilməsi üçün seçilən Rəyasət heyətinin tərkibində Azərbaycan nümayəndə heyətinin rəhbəri Təmraz Tağıyev də olub.
Tədbirdə TDBB-nin prezidenti, Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay proqram xaraketerli çıxışı ilə diqqəti çəkib. TDBB-nin prezidenti çıxışında bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə yaradılmış Türk Dövlətləri Təşkilatı Prezidentimizin uzaqgörən rəhbərliyi və üzv dövlət başçılarının töhfəsi sayəsində təkcə regional həmrəylik deyil, həm də qlobal səviyyədə səmərəli əməkdaşlıq modeli nümayiş etdirib.
TDBB-nin baş katibi Fəxri Solak qurumun ötən dövrdəki fəaliyyəti, həyata keçirdikləri layihələr barədə hesabat xarakterli çıxış edib. Fəxri Solak çıxışında Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması məsələsinə böyük önəm verildiyini bildirib.
Bəzi TBMM üzvləri və bir sıra ölkə nümayəndələri ilə yanaşı, müzakirələrdə iştirak edən Təmraz Tağıyev qeyd edib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər bu iki dövlətin yerli özünüidarəetmə orqanları arasında daima inkişaf edib və bundan sonra da edəcək. Azərbaycan - Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan - Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün də məqsədyönlü şəkildə inkişaf edir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşıb.
Sədr Türkiyə - Azərbaycan dostluğunun tarixi köklərlə bir birinə bağlı olan qardaşlıq prinsipləri əsasında qurulduğunu, əsrlər boyu yaşayacağını bildirib.
Təmraz Tağıyev, həmçinin bundan sonra da Azərbaycan bələdiyyələrinin TDBB-nin işində yaxından iştirak etməklə öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.
Qurultayın yekununda yeni tərkibdə TDBB-nin İdarə heyəti formalaşıb. Uğur İbrahim Altay yenidən TDBB-nin prezidenti seçilib. İdarə heyətinin tərkibində ölkəmizi üçüncü dəfə Təmraz Tağıyev təmsil edəcək.
Əlavə edək ki, tədbirdən bir gün əvvəl bir sıra bələdiyyə sədrlərinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyəti İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasını ziyarət edərək TDBB-nin baş katibi Fəxri Colakla görüşüblər.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonrakı dövrdə inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.