AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kateqoriyalı məşqçilik lisenziyasının şərtlərinə uyğun olaraq, Portuqaliyanın "Pasuş de Ferreyra” klubunda təcrübə keçir. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fevralın 25-dən Pireney yarımadasında olan 43 yaşlı mütəxəssis "Pasuş de Ferreyra”nın baş məşqçisi Paulo Fonseka və məşqçilər korpusunun digər üzvləri ilə görüşüb. Klub muzeyində də olan baş məşqçi eyni zamanda "Pasuş de Ferreyra”nın əsas və əvəzedici komandalarının məşqlərini izləyib. Əhmədov klubun akademiyasının fəaliyyəti ilə yaxından tanış olmaq şansı qazanıb. Bu gün isə Tərlan Əhmədov son 8 ildə 4 dəfə avrokuboklarda oynamış, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş, hazırda Primeyra Liqada 8-ci pillədə qərarlaşan və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Pasuş de Ferreyra”nın çempionat çərçivəsində "Belenenseş”lə səfər matçını stadiondan canlı izləyəcək.
Qeyd edək ki, T.Əhmədov martın 3-də vətənə qayıdacaq və "Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçında komandasının başında olacaq.