2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədov Tərtər rayonunun Buruc, Güləbatlı, Zolgörən və Sarıcalı kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov YAP-ın qarşıdan gələn parlament seçkilərinə qələbə əzmi ilə getdiyini bildirib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.
Çıxış edən deputatlığa namizəd Anar Məmmədov Azərbaycanın uğurlarından bəhs edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını müasir tariximizin ən mühüm hadisəsi və möhtəşəm nailiyyəti kimi dəyərləndirib. O, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib: “Ölkəmizin inkişafına xidmət edən islahatlar Azərbaycan xalqının YAP-a inam və etibarının daha da möhkəmlənməsinə yol açıb”.
A. Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə Hafiz Ələkbərov, Amil Hüseynov, Vəsilə Mehtiyeva və digərləri çıxışlarında qeyd ediblər ki, YAP bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynayıb. Görüş iştirakçıları uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, eyni zamanda, 97 saylı Tərtər-Ağdərə- Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədova səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.