Tibbi sığortasız şəxslərin diqqətinə: bu, insan alveri və istismar riskinizi artırır!

 İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası sosial platformalarda geniş müzakirə edilən məsələ — tibbi sığortasız şəxslərin, xüsusilə qeydiyyatsız və qeyri-formal əmək şəraitində çalışan insanların 2026-cı ildən etibarən tibbi xidmətlərdən bəhrələnməsində mümkün məhdudiyyətlərin yaranması ilə bağlı dərin narahatlığını ifadə edir. Koalisiyadan tezadlar.az-a verilən məlumatda deyilir ki, tibbi sığortadan kənarda qalmaq təkcə sosial müdafiə çatışmazlığı deyil, həm də insan alveri, məcburi əmək və istismar riskini artıran ciddi sosial amildir. Bu tendensiya əsas insan hüquqları prinsipləri və dövlətin beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq hüququnu təmin etsə də, mövcud qərar və mexanizmlər nəticəsində həssas qruplar — işsiz qadınlar, qeyri-formal sektorda çalışan şəxslər və qeydiyyatsız analar — bu hüquqdan faktiki olaraq məhrum qala bilər.

Bu vəziyyət “İcbari Tibbi Sığorta haqqında” Qanunun 2-ci maddəsi və “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 13 və 15-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.

Bundan əlavə, Nazirlər Kabinetinin 131 nömrəli Qərarı (2017) insan alveri qurbanlarının tibbi və sosial reabilitasiyasını dövlət təminatında nəzərdə tutur. Lakin tibbi sığortanın əhatə dairəsinin daralması həmin qərarın effektiv icrasına mane ola bilər.

Bu vəziyyət eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərin tələbləri ilə də ziddiyyət təşkil edir, o cümlədən:

  • BMT-nin İnsan Alverinə qarşı Palermo Protokolu – sosial və iqtisadi kövrəkliyin insan alverinə gətirib çıxaran amil olduğunu təsbit edir;
  • BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktı (maddə 12) – hər kəsin mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə çıxış hüququnu tanıyır;
  • Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya (CEDAW) – qadınların tibbi və sosial xidmətlərə bərabər çıxışını təmin etməyi dövlətin borcu kimi müəyyən edir;
  • Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə haqqında Konvensiyası (2005) – insan alveri qurbanlarının tibbi, psixoloji və sosial reabilitasiyasının dövlət tərəfindən təmin olunmasını tələb edir.

Koalisiya xüsusilə vurğulayır ki, tibbi sığortadan kənarda qalan həssas qruplar arasında ev şəraitində doğuşların, sənədsiz uşaqların və qeydiyyatsız əmək fəaliyyətinin artması artıq real sosial təhlükəyə çevrilə bilər. Bu hallar gələcəkdə insan alveri, uşaq istismarı və reproduktiv istismar (o cümlədən qanunsuz surroqat analıq və orqan transplantasiyası kimi türkəçarə fəaliyyətlərin) artmasına münbit zəmin yarada bilər.

Bu risklər təkcə sosial-iqtisadi deyil, həm də ictimai təhlükəsizlik və insan hüquqları baxımından ciddi təhdidlər doğurur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası aidiyyəti dövlət qurumlarını, sosial ədalət prinsipi əsasında tibbi sığorta mexanizmlərini genişləndirməyə, xüsusilə qadınların və uşaqların sağlamlıq hüququnun təmin olunmasına və potensial istismarın qarşısının alınmasına yönəlik təcili tədbirlər görməyə çağırır.