ABŞ-ın sabiq Prezidenti Donald Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib.
Bunu D.Tramp Orlando şəhərində (Florida ştatı) Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden administrasiyanın rəhbəri kimi əsas vəzifəsini - ABŞ qanunlarının icrasını - bacarmayıb.
Respublikaçı bu səbəbdən "demokratların aralıq seçkilərində sarsıdıcı məğlubiyyət alacaqlarına və 4 ildən sonra Ağ Evi mütləq itirəcəklərindən" əminliyini ifadə edib: "Onlar artıq Ağ Evi itiriblər. Kim bilir, bəlkə onları üçüncü dəfə məğlub etməyə qərar verəcəyəm".