Azərbaycanla Türkiyəni bir-birinə təkcə sərhədlər bağlamır, bu dövlətlər eyni kökdən rişələnib, ortaq dilə, ortaq mədəniyyətə, ortaq mentalitetə malik olan iki qardaş dövlətdir. Mustafa Kamal Paşa da, Heydər Əliyev də bu qardaşlığın əbədi olacağını qürurla bildirmişdi.
1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdi. Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başlayanda Naxçıvanı da ilhaq etmək istəyirdi. Birinci Qarabağ müharibəsində Ermənistan Naxçıvanda da müharibə aparırdı, Naxçıvanda da şiddətli döyüşlər gedirdi. Ulu Öndər Heydər Əliyevin qüdrəti ilə bu döyüşlər böyümədi. Ermənistan geri çəkildi...
2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.
İkinci Qarabağ müahribəsində Azərbaycanla Türkiyənin qardaşlığı dünyanı heyrətləndirdi.
2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başlayanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” demişdi. Bu bəyanat Azərbaycan əsgərinin döyüş əzmini kükrətmişdi. Qələbə inamını yüksəltmişdi.
Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Türkiyədə də böyük coşqu ilə yaşanıldı.
Zəfərdən sonra Şuşada Türkiyə ilə Azərbaycan arasında ikitərəfli Bəyannamə imzalandı. Bu Bəyannamə hərbi əməkdaşlığın Bəyannaməsi kimi tarixləşdi.
İşğaldan azad edilmiş əarzilərdə aparılan quruculuq işlərində Türkiyə də yaxından iştirak edir.
Vətən müharibəsində qazanılan tarixi Zəfərlə işğala son qoyulmuşdu. Bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüz tam bərpa edildi, sentyabrın 20-də Azərbaycanın suverenliyi tam bərpa olundu. Türkiyə həmişə Azərbycanla nəfəs-nəfəsə oldu...
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri həm siyasi , həm iqtisadi, həm də mənəvi birliyin təntənəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında dediyi kəlamlar - “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir”. “Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir” İki dövləti bir-birinə eyni ruhun bağladığının təsdiqi kimi dinlənildi və Azərbaycanda da, Türkiyədə də, dünyada da bir gerçəkliyin ifadəsi oldu: “Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” imzalandı. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” bağlandı. “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalandı...
Bu tarixi görüş Azərbaycanla Türkiyənin ayrılmazlığının, mənəvi birliyinin ifadısidir. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əbədiyyən davam edəcək...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı