Yunanıstan parlamentinin deputatlarına "Made in Turkey" yazısı olan tibbi maskaların paylanması ölkənin qanunvericilik məclisində mübahisələrə səbəb olub.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, maskaların Türkiyədə istehsal edildiyinə Yunanıstan Kommunist Partiyasından olan millət vəkili Liana Kanelli parlamentdə çıxışı zamanı diqqət çəkib.
"Parlamentdə bizə payladığınız maskalar Türkiyədəndir. Üzərində "Made in Turkey" yazılıb. Bu, pis deyil. Türkiyədən miqrantlar (Yunanıstana) daxil ola bilməsə də, kommersiya maraqları daxil ola bilir", - deyə millət vəkili bildirib.
Yunanıstan parlamentinin spikeri Konstantinos Tasulas məsələni KİV-lər üçün şərh edərkən maskaların Türkiyədə istehsal olunduğunu təsdiq edib.
Onun sözlərinə görə, maskaların tədarükü üzrə tenderi ən aşağı qiymət təklif edən alman şirkəti qazanıb. Şirkətin maskaların istehsalı üzrə fabrikinin Türkiyədə olması faktı gözdən qaçıb.
K.Tasulas əlavə edib ki, əgər bu əvvəlcədən bilinsəydi, maskaları almaq üçün başqa şirkət seçilə bilərdi.