“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinə keçən ildən başlamışıq. Bu istiqamətdə müəyyən razılaşmalar əldə olunub”.
Sabahinfo.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyası Şurasının iclasında deyib.
O bildirib ki, hələ də həllini tapmayan məsələlər var.
A.Simonyanın sözlərinə görə, Ermənistanın əsas hədəfi regionda sülhün bərqərar olmasıdır: “Davamlı sülhün, təhlükəsizliyin təmin olunması və regionun inkişafı yalnız açıq və konstruktiv dialoqla mümkündür”.
Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub. Bu ilin yanvar ayında Türkiyə ilə Ermənistan arasında hava yolu ilə birbaşa daşımalar başlayıb.