Türkiyədə prezident seçkisinin ikinci tura keçəcəyini və namizədlərin birinci turda səslərini düzgün proqnozlaşdıran “Sonar” araşdırma mərkəzinin sahibi Hakan Bayrakçı ikinci turla bağlı yeni açıqlamalar verib.
Bayrakçı bildirib ki, ikinci turda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 52,1, müxalifətin yeganə namizədi Kemal Kılıçdaroğlu isə 47,9 faiz səs toplayacaq.
Onun sözlərinə görə, hələlik yalnız təxminlərini açıqlayıb. O, 3 fərqli ssenari üzrə mümkün səs keçidlərinin olduğunu bildirib.
Bayrakçı Sinan Oğanın bitərəf qalması, Ərdoğanı dəstəkləməsi və ya Kılıçdaroğlunu dəstəkləmək qərarına görə, 5,2 faiz səs bölgüsünün necə olacağını təxmin edib;
Sinan Oğan bitərəf qalsa, 1,8 faiz səs Kemal Kılıçdaroğluna, 1,8 faiz Rəcəb Tayyib Ərdoğana gedir, 1,6 faiz seçkidə iştirak etmir.
Sinan Oğan ikinci turda Kılıçdaroğlunu dəstəkləməyə qərar verdiyini açıqlasa;
2,2 faiz səs Kemal Kılıçdaroğluna, 1,0 faiz səs isə Rəcəb Tayyib Ərdoğana gedir, 2,0 faiz seçkidə iştirak etmir.
Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləməyə qərar verdiyini açıqlasa;
1,8 faiz səs Kemal Kılıçdaroğluna, 2,0 faiz səs Rəcəb Tayyib Ərdoğana gedir, 1,4 faiz səs seçkidə iştirak etmir.