Udmurtiyada yaşayan soydaşlarımız xalqlararası əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verirlər

Hazırki şəraitdə dünyanın müxtəlif regionlarını büryüən çaxnaş.malaraın, hərbi münaqişələrin fonunda balanslı siyasət yürüdən Azərbaycanın xarici ölkələrdəki diaspor cəmiyyətlərinin üzərinə böyük məsuliyyət düşür. Xüsusilə də, azərbaycanlıların vətəndən kənarda ən çox yaşadığı şimal qonşumuz olan Rusiya ilə münasibətlər mühüm əhəmiyyət daşıyır. Rusiya Federasiyasının ayrı-ayrı subyektlərində fəaliyyət göstərən diaspor nümayəndəlikləri öz fəaliyyətləri ilə hər iki ölkənin hökumətlərinə etibarlı tərəf müqabili kimi çıxış edir, xalqlararası mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verirlər. Bu nöqteyi nəzərdən, RF-nin tərkibində Udmurtiya Respublikası ilə Azərbaycanın əlaqələrini nümunəvi saymaq olar.

Fin-uqor kökənli xalqalrdan olan udmurtlar Rusiyada Mərkəzi Uralın Qərbində yaşayırlar. Başqırdıstan və Tatarıstan ilə həmsərhəd olan Udmurtiyada yüzdən çox millətin, etnik qrupun təmsilçiləri vardır. Mayın 9-da anti-faşizm koalisiyasının, eləcə də keçmiş SSRİ üzvü olan ölkələrin xalqlarının Hitler faşizmi üzərində qələbəsi ilə yekunlaşmasının 80 illiyinin qeyd olunduğu İkinci Dünya müharibəsi ərzində mühüm sənaye fabrikləri Ukraynadan və Sovet İttifaqının qərb sərhədlərindən Udmurtiyaya köçürülmüşdü. O illərdə və sonrakı dövrdə  həmin zavod və fabriklərdə başqa millətlərdən olan sovet vətəndaşları kimi xeyli sayda azərbaycanlı da işlə təmin olunmuş və orada qalıb yaşamağa qərar vermişlər. Udmurtiyada yaşayıb-yaradaraq elm, iqtisadiyyat, ticarət, mədəniyyət sferasında da uğur qazanan soydaşlarımız da az deyil.

Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində fəaliyyət göstərən “Dostluq” Udmurtiya - Azərbaycan İctimai Mərkəzi 1998-ci ildə yaradılıb. Təşkilat Udmurtiya Respublikasında yaşayan 15 mindən çox azərbaycanlını sıralarında birləşdirir. Mərkəzə 2014-cü ildən Zülfüqar Mirzəyev sədrlik edir.

“Dostluq” regional ictimai təşkilatı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu, Avrasiya Xalqları Assambleyası, Azərbaycanın Rus İcması, Udmurtiyanın milli siyasət nazirliyi, İjevsk şəhəri bələdiyyəsi və Şəhər Duması, eləcə də başqa qurumlarla sıx əməkdaşlıq edir və Rusiya – Azərbaycan münasibətlərinin ruhuna uyğun fəaliyyət göstərir. Mərkəzin sədri Z.Mirzəyev 2023-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. Həmçinin təşkilatın fəal üzvləri və diaspor nümayəndələri Udmurtiyada millətlərarası münasibətlərin möhkəmlənməsinə mühüm töhfələrinə görə təltif olunublar. “Dostluq” İctimai Mərkəzinin fəaliyyətinin təqdirəlayiq qiymətləndirilməsində Mərkəzin sədr müavini Eynulla Mustafayevin, Udmurtiya Azərbaycanlı Gənclər Cəmiyyətinin sədri Ağahəsən Qəzənfər oğlu Abbasovun da xidmətləri böyükdür. Bundan başqa, İşevskdə yaşayan, pedaqoji fəaliyyətlə məşğul olan Şəmkir əsilli soydaşımız  Qənirə Şirəli qızı Əmikişiyeva dərs dediyi azərbaycanlı uşaqlara vətənpərvərlik mövzusunda şeirlər öyrədir, tədbirlər təşkil edir. Yeri gəlmişkən qeyd etməyə dəyər ki, Qənirə müəllimə vətənpərvər şair, mərhum Aslan Şirəlioğlunun bacısıdır.     

İjevsk şəhər vətəndaşları Udmurtiya Azərbaycanlıları Konqresinin yaradıcılarından biri, əfsanəvi rayon polis zabiti Tofiq Kərimovun xatirəsini əziz tuturlar. Udmurtiyalılar İjevsk Şəhər Dumasının deputatı Bəhruz Hümbətovu dəstəkləyir, azərbaycanlı endoskop-cərrah, “Nobel” medalçısı Ceyhun Babayev ilə fəxr edirlər.

Udmurtiyada yaşayan azərbaycanlılar “Dostluq” İctimai Mərkəzinin xətti ilə Azərbaycanda şəhid ailələrinə ev tikdirib, qazilərə yardımlar ediblər. Soydaşlarımız muxtar respublikanın ictimai, siyasi, sosio-mədəni həyatında fəal iştirak edirlər. Onlar yerli əhalinin mədəniyyətinə və ənənələrinə hörmət edirlər, ancaq Vətəni də unutmurlar. Məsələn, Udmurtiyada azərbaycanlı uşaqların ana dilini öyrəndiyi bazar günü məktəbi var. Təkcə dilimizin deyil, tariximizin, mədəniyyətimizin və milli adət-ənənələrimizin də öyrədildiyi bazar günü məktəbində təcrübəli pedaqoq Şəhla Mahmudovanın təşkilatçılığı ilə Azərbaycanın bütün əsas milli bayramları qeyd edilir, tədbirlər keçirilir, dərnəklər (məsələn, rəqs) təşkil edilir.

2021-ci ildə İjevsk şəhərindəki Kosmonavtika Parkında “Azərbaycan Bağı” salınıb. Bağda səkkizguşəli ulduz şəklində “Buta” abidəsi qurulub. “Buta” Azərbaycan milli ornamenti üçün səciyyəvi olub sanskrit dilindən tərcümədə od deməkdir. Həmçinin, burada Qobustanın qayaüstü rəsmlərinin dekorativ heykəltəraşlığı da öz əksini tapıb. Parkda yerləşdirilən böyük daş abidənin üzərində Azərbaycanın xəritəsi əks olunub. Xəritədə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimiz vahid Azərbaycanın tərkib hissəsi kimi göstərilib. Mədəniyyət obyektində Azərbaycanın ən məşhur mədəni, tarixi və görməli yerləri əks olunub. Bağın memarlıq və landşaft dizaynı layihəsinin həyata keçirilməsi şəhər mühitini daha da gözəl və bənzərsiz edir. Azərbaycan Bağı Kosmonavtlar Dendrari parkının gözəçarpan bəzəyi olaraq şəhər əhalisinin bütün təbəqələri üçün maraqlı və faydalı istirahət yerinə çevrilib.

Udmurtiyadakı Azərbaycan diasporunun üzvlərinə, ümumiyyətlə Udmurtiyada yaşayan hər bir azərbaycanlı ailəsinə xoşbəxtlik, xalqlarar ası əlaqələrin möhkəmlənməsinə verdikləri töhfələrin sırasını artırmalarını arzulayırıq.

Elnarə Həziyeva