Uğurlarımızın davamı naminə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın iştirak etdiyi bütün seçkilərdə inamlı qələbə qazandığını vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla davam etdirilməsi ölkəmizin davamlı və dinamik inkişafını təmin edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər Azərbaycanın gücünün və nüfuzunun artmasını şərtləndirib.

 O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin yerli seçki qərargahının üzvü, Vətən müharibəsi şəhidi Tural Qarayevin atası Şahin Qarayev, Vətən müharibəsi şəhidi İbrahim Sadıqlının atası Şahin Sadıqlı və digərləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası xalqın inam və etibarını qazanan partiyadır. Ona görə budəfəki seçkilərdə də partiyanın parlaq qələbəsinə şübhə yoxdur.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.