Uğurlarımızın davamı naminə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən  97 saylı Tərtər-Ağdərə-Goranboy  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Ağdərə rayonu Sırxavənd, Baş Güney, Məlikli, Yeni Qaralar, Çərəktar, Xatınbəyli, Kərəmli  və Talış kəndləri və Suqovuşan qəsəbəsindən olan  seçicilərlə görüşü keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Tərtər  rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə yüksək səviyyədə hazırlaşıb. O, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib.

Çıxış edən deputatlığa namizəd Anar Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Çıxışında dünyada baş verənlərə diqqət çəkən A.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətinə çevrilib. O, çıxışının sonunda seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbir iştirakçılarından şəhid anası Afidə Mirzəyeva, Röyzə Bəşirova, Bulud Quluyev və digərləri çıxış edərək torpaqlarımızın işğaldan azad olunması sevincini yaşadıqlarını xüsusi vurğulayıblar və uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.