Uğurların davamı üçün...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Hüseynovun Sahil qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı siyasi təşkilatı olmaqla, müstəqil Azərbaycanın inkişafına, qüdrətlənməsinə, azad, demokratik dövlətə çevrilməsinə, vətəndaş həmrəyliyinin yaradılmasına, xalqımızın milli maraqlarına xidmət etdiyini bildirib. O, YAP-ın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını qeyd edib, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Deputatlığa namizəd Aydın Hüseynov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, YAP-ın nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu bir partiyaya çevrilməsindən danışıb. Bildirib ki, Azərbaycan əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi, dünyəvi və unitar dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Vurğulayıb ki, dövlət başçısının müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri İrzababa İbrahimov, Zöhrab Babayev və digərləri çıxış ediblər. Onlar uğurların davamı naminə Yeni Azərbaycan Partiyasının qələbəsinin vacib olduğunu vurğulayıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Aydın Hüseynov Sahil qəsəbəsində Vətən müharibəsi şəhidi Kamal Əjdər oğlu Mirzəliyevin doğum günü münasibəti ilə məzarını ziyarət edərək ailəsinə baş çəkib. Həmçinin deputatlığa namizəd rayonun bir neçə qəsəbəsində fərdi və məhəlli görüşlər keçirib, təşviqat qrupunun üzvləri təşviqat materialları paylayıblar.