“Ukrayna hazırda tərəfdaşları ilə birgə təhlükəsizlik zəmanətləri ilə bağlı gələcək sənəd üzərində çalışır”.
Bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
O qeyd edib ki, yeni saziş Ukraynaya qarşı istənilən təcavüzü imkansıza çevirməli, həmçinin yeni beynəlxalq təhlükəsizlik sisteminin əsas elementini təşkil etməlidir.
“Biz yüksək keyfiyyətli və effektiv çoxtərəfli təhlükəsizlik sazişi hazırlamaq üçün beynəlxalq tərəfdaşlarımızla bütün sutka ərzində əlaqə saxlayırıq”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu gün ABŞ, Böyük Britaniya, Çin, Kanada, Fransa, Almaniya, Türkiyə, İtaliya, Polşa və İsraillə müvafiq istiqamətdə iş aparılır.
“Ukraynanın aydın və keyfiyyətli işlənilmiş, hüquqi cəhətdən effektiv və yerinə yetirilməsi məcburi olan beynəlxalq təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Rusiyalıların Ukrayna xalqına yaşatdığı dəhşətlər heç vaxt təkrarlanmamalıdır”, - deyə A.Yermak qeyd edib.
O vurğulayıb ki, Ukraynanı ilk növbədə müharibənin başa çatması, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması və təbii ki, yeni təhlükəsizlik strukturunun qurulması məsələləri narahat edir.