Ulu Öndər Heydər Əliyev  güclü, qüdrətli Azərbaycan dövlətinin memarıdır

Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycanda  Heydər Əliyev dövrünün müstəsna yeri vardır. 53 il bundan əvvəl, yəni  1969-cu il 14 iyul tarixindən  başlanan  bu mərhələ   müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi kimi xatırlanır. Ulu Öndər  Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra,  hər bir azərbaycanlının qəlbində, ideyasında yaşatdığı  milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Bütün fəaliyyətinin əsasında bir amal dayanırdı: Azərbaycan vətəndaşı özünü dərk edə bilsin, tarixini, mədəniyyətini öyrənsin. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bəli, bu həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür.  Dahi şəxsiyyət bu məsələyə çox həssaslıqla yanaşırdı, həqiqətən də keçmişindən ayrı düşən xalq, millət gələcəyini qura bilməz. Sovet ideologiyasının olmasına baxmayaraq, ölkəmizin tanınmış ziyalılarının ev muzeylərini yaradır, onlara heykəl qoyur, yaradıcılıq gecələri keçirir, milli düşüncənin, milli məfkurənin inkişafına töhfə verən insanları himayə edir, gəncləri həvəsləndirirdi. 

Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri ölkəmizin taleyinin və gələcəyinin təyin olunmasında həmişə həlledici rol oynayıb. Sovetlər dönəmində Onun Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə əzəmətli sıçrayış və yeniləşmə illəri kimi daxil olub. Məhz Onun müdrikliyi, qətiyyəti, təşkilatçılığı sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Azərbaycan cəmi bir neçə il ərzində ən geridə qalan respublikadan ən qabaqcıl respublikaya çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilikdə, mədəniyyətdə milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı.
Heydər Əliyevin misilsiz tarixi missiyası ölkəmizin müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə özünü daha qabarıq şəkildə biruzə verib.
Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz xarakter alması müstəsna olaraq Heydər Əliyevin xidməti sayılmalıdır və sayılır. 1993-cü ildə Onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan və sair bəlalardan xilas oldu. Ölkədə sabitlik və əminamanlıq təmin edildi, islahatlar həyata keçirildi, iqtisadi tənəzzül cilovlandı.

Azərbaycanın iqtisadi çiçəklənməsinə və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Yeni, müstəqil Azərbaycan dövləti quruldu, dövlətçiliyin ideologiyası və təməl prinsipləri yaradıldı. 

Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. O, Azərbaycanın hərb tarixi, görkəmli hərbiçilərimizin həyat və fəaliyyəti haqqında geniş biliklərə malik idi. Bu məktəbin yaradılması sanki gələcəyə hesablanmış bir siyasi addım idi.  Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. I və II Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir.  O, hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı cənab İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı. Elə bir ordu ki, həm cəsarəti, həm igidliyi, həm də humanizmi ilə dünyada yeni bir əsgər, zabit obrazı yaratdı. Ulu Öndər deyirdi ki, “ Möhkəm, daimi sülh üçün müstəqil dövlətin, ölkənin güclü ordusu olmalıdır”. Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi ki, sülhə nail olmaq üçün birinci yol hərbi, ikinci yol isə siyasi və iqtisadi olmalıdır. Bu reallığı 44 günlük Vətən Müharibəsi və onun nəticəsi olan 10 noyabr Bəyanatı yaratdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Ulu Öndərin bu sözlərini təkrarlayaraq, əmr verdi: “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli”!  Rəşadətli Ordumuz öz canları, qanları hesabına Vətəni erməni işğalından azad etdi, Şanlı Qələbə çalaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Biz fəxr edirik ki, Vətən yolunda, doğma torpaqlarımızda erməni faşizminin məhv edilməsi və bir daha baş qaldırmaması üçün özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır! Allah bütün qazılərimizə şəfa versin!

Azərbaycanda həmişə, hətta müstəqilliyimizi  qurduğumuz  ən  çətin illərdə belə,   dövlətimiz üçün qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxaq  konvensiyalar  “Uşaq Hüquqları və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”dır.   Bu sənədlər milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Ümummilli Liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edir, onların cəmiyyətdə aktiv iştirakına xüsusi önəm verirdi. Və onun  qadın qurultaylarında etdiyi çıxışlar, səmimi fikirləri, arzuları qadınlarımızı daha da ruhlandırır, onları fəal olmağa həvəsləndirirdi. Azərbaycan  gender bərabərliyi, insan hüquqlarının müdafiəsi ilə bağlı yeniliklərə ilk imza atan dövlətlərlə bir sıradadır. Və bunun nəticəsidir ki, ölkəmizdə qısa müddət ərzində güclü lider qadınlar formalaşmış, gənc qızlarımız üçün təkcə respublikada deyil, həm də, xarici ölkələrdə yüksək standartlara uyğun təhsil almaq imkanları yaradılmışdır ki, bu da  dövlətimizin inkişafına  öz  müsbət töhfəsini  verir.

Ulu Öndər hesab edirdi ki, insan yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi hamımızın vəzifə borcudur. Biz bu vəzifələri  yerinə yetirməklə, Ulu Öndərin ruhunu da şad etmiş oluruq. Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar  kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır.

Heydər Əliyev siyasəti onun dünyasını dəyişməsindən sonra da ölkənin inkişafının, müasirləşməsinin və yeniləşməsinin əsasını təşkil edir. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm inkişafında bu siyasət həlledici rol oynayıb və oynamaqdadır. Məhz bu siyasətin uğurla və yaradıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf edir,  insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlir, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənir. Bütün sosial təbəqələrin müdafiəsinin gücləndirilməsi, həyat tərzinin yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar göz önündədir. Azərbaycanın müasirləşməsi, yeniləşməsi baş verib, şəhər və kəndlərin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyanın ən uğurlu gənc dövləti kimi qəbul olunur, onun parlaq gələcəyinə hamı inanır. Ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə qərar tutması insanların qürur mənbəyinə çevrilib. Azərbaycan inkişaf edir, yenilənir, müasirləşir. Son vaxtlar uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır. Qarşıda böyük hədəflər dayanır.
    
Beləliklə, 53 il əvvəl başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən-zəfərə, zirvədən zirvəyə aparmaqdadır. Biz hər birimiz fəxr edirik ki, bu gün  onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  daha da gücləndirirlər.  Onların bu  fəaliyyəti   Heydər  Əliyev  ənənələrinə,  irsinə  sədaqəti  bir  daha  təsdiqləyir. Tarix belə dahiləri tək-tək yetirir. Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır.  Bütün  ömrünü  Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin “Vətən birdir və hamı bu vətən uğrunda çalışmalıdır!” fikirləri hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcəkdir. 
 
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
 professor Hicran Hüseynova