Ümummilli etimadın uğurla gerçəkləşməsi

Azərbaycan tarixi inkişafının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid edib. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş effektiv inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən zamanın ruhuna, çağırışlarına, milli hədəflərimizə uyğun zənginləşdirilərək uğurla həyata keçirilir. 

Bu, Azərbaycanda hərtərəfli resurs potensialını formalaşdıran inkişaf strategiyası ilə yanaşı, həm də zəfər strategiyası oldu. 2020-ci ilin payızında ərazilərimizin Ermənistanın işğalından azad edilməsi dünyaya Azərbaycan dövlətinin hərbi, iqtisadi, siyasi-diplomatik gücünü, dövlət başçısının isə dərin strateji baxışlarını, iradə və əzmini əyani şəkildə nümayiş etdirdi. Siyasi olimpdə Azərbaycan dövləti hansı zirvələri fəth etməyə qadir olduğunu göstərdi. 2023-cü ildə isə başladığımız işi böyük uğurla başa çatdırıb ərazi bütövlüyümüzü və suverenliyimizi vətənimizin hər bir qarışı üzərində effektiv və dönməz şəkildə təmin etdik. 

Prezident İlham Əliyevin prinsipial siyasəti, mövqeyi həm döyüş meydanında, həm də siyasi müstəvidə inamlı qələbəmizi şərtləndirdi. Azərbaycan dövlətinin, xalqının tarixi uğurları haqqında danışarkən bütün gücü ilə ölkədə uğur prosesinə töhfə verən, daim ölkə Prezidentinə yaxından dəstək olan Mehriban xanım Əliyevanın rolunu ayrıca qeyd etmək lazımdır. Azərbaycanda həyat fəaliyyətinin müxtəlif sahələrində, ölkənin sistemli sosial-iqtisadi, mədəni inkişafında, milli-mədəni dəyərlərimizin dünyada tanıdılmasında Mehriban Əliyevanın rolu olduqca böyük və təsirlidir. Mehriban xanım Əliyevanın təklifləri, təşəbbüsləri ölkəmizin sosial, mədəni, humanitar modernləşməsinin ən təsirli, effektiv drayveri olmuşdur.  Müasir mərhələdə istər siyasi, istər iqtisadi, istərsə də digər fəaliyyət sahələrində qadınların rolunun artması, iştirakçılığının genişlənməsi artıq dünya trendi kimi müşahidə olunmaqdadır. Lakin Mehriban Əliyevanın dövlət idarəçiliyi sistemində, ölkənin ictimai-siyasi həyatında səmərəliliyi digər mövcud təcrübələrdən köklü şəkildə fərqlənir. Məsələn, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu qeyri-hökumət təşkilatı olsa da, ölkənin hərtərəfli inkişafına olduqca ciddi töhfə verib və bu, davam etməkdədir.  Belə ki,  Heydər Əliyev Fondu elm, təhsil, səhiyyə sahələrində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək olmaqla yanaşı,  vacib istiqamətlərdə layihələri də uğurla həyata keçirməkdədir. Beləliklə, Mehriban xanım Əliyeva sayəsində fond Azərbaycan Respublikasının hərtərəfli inkişafının qeyri-institusional, olduqca effektiv amilinə çevrilib. Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu sosial və humanitar xarakterli layihələr təşəbbüskarı və icraçısı olmaqla, həm də ölkəmizdə oturuşmuş bir xeyirxahlıq institutunu formalaşdırdı. Diqqətəlayiq digər vacib məqam isə ondan ibarətdir ki, fondun yaradılmasından qısa zaman keçdikdən sonra müxtəlif sahələrdə verdiyi töhfələr sürətlə milli səviyyəni aşaraq beynəlxalq müstəvidə genişlənmişdir. Hər şeydən öncə milli-mədəni dəyərlərimizin qorunması və dünyada tanıdılması ilə yanaşı, dünya xalqlarının maddi-mədəni irsinin qorunub saxlanılmasında da Mehriban Əliyevanın çox təsirli rolu var. Belə ki, dünya tarixində ilk təcrübə olaraq, müsəlman ölkəsində fəaliyyət göstərən bir institut Vatikanda xristian abidələrinin bərpasını həyata keçirib. Belə bir addım islam və xristian dünyası arasında yeni konstruktiv dialoq mühitinin yaranmasına xidmət edir. Ümumiyyətlə, dialoq mühitinin yaradılması və inkişaf etdirilməsi isə mövqelərin uzlaşdırılmasının, ziddiyyətlərin aradan qaldırılmasının, bununla da əməkdaşlıq imkanlarının genişləndirilməsinin ən effektiv yoludur. Nəzərə alsaq ki, Avropada konfessional ziddiyyətlər, münaqişələr potensialı kifayət qədər yüksəkdir, onda Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ümumilikdə qlobal barış üçün nə qədər ciddi və böyük missiya yerinə yetirdiyi haqqında daha dəqiq təsəvvürlərə sahib olmaq mümkündür. Qlobal sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində verilən ən böyük töhfədir. Bu baxımdan əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın adı diplomatiya tarixinə artıq həkk olunub. 
Heydər Əliyev Fondu ölkəmizdə multikultural cəmiyyətin daha da oturuşmasında xüsusi rol oynamaqdadır. Bu gün multikulturalizmin Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Azərbaycandakı unikal multikultural mühit müxtəlif xalqların və dinlərin təmsilçilərinin dinc yanaşı yaşamalarını, öz milli identikliklərini qorumalarını şərtləndirməkdədir. Həqiqətən də, ölkəmizdə pravoslav, katolik kilsələrinin, sinaqoqların təmir edilməsi Azərbaycan cəmiyyətinin nə dərəcədə multikultural və tolerant olduğunu göstərir. Sözün əsl mənasında Mehriban xanım Əliyeva sayəsində Azərbaycan sivilizasiyalararası körpü rolunu oynamaqla beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas şərtlərini təmin etməkdədir. Azərbaycan dünyaya nümayiş etdirir ki, fərqli mədəniyyətlərin, baxışların, yanaşmaların daşıyıcıları dinc, yanaşı mövcud ola, əməkdaşlıq edə və öz aralarında konstruktiv dialoq mühiti yarada bilərlər. Beləliklə, Azərbaycan multikulturalizm modeli ölkəmizin beynəlxalq pozitiv imicinin daha da möhkəmlənməsini şərtləndirməklə dünyaya unikal təcrübə təqdim edir. Etnik tərkibi zəngin olan ölkələrdə digər xalqların və dinlərin təmsilçilərinə münasibətdə diskriminasiya hallarının yolverilməzliyini Azərbaycan öz timsalında nümayiş etdirməklə, başqa cəmiyyətləri də oxşar yanaşma sərgiləməyə dəvət edir. Mədəniyyət amilini sülhün və əməkdaşlığın əsas alətlərindən birinə çevirməklə Mehriban xanım Əliyeva mədəni diplomatiyanı artıq oturuşmuş, peşəkar bir fəaliyyət sahəsinə çevirməyi bacarmışdır. Onun dünya səviyyəsində yüksək nüfuzunu şərtləndirən vacib amillərdən biri də məhz budur. Çünki Mehriban Əliyevanın sosiomədəni inkişafa verdiyi töhfə Azərbaycanın hüdudlarını xeyli aşaraq, böyük bir coğrafiyanı əhatə etmişdir.  
Mehriban xanım Əliyeva Birinci vitse-prezidentlik kimi olduqca məsuliyyətli bir vəzifəni üzərinə götürməklə də həm dövlət idarəetmə sisteminin effektivliyinin yüksəlməsində, həm də hakimiyyət-cəmiyyət dialoqunun inkişaf etməsində xüsusi rol oynadı. Azərbaycanda vitse-prezidentlik institutu 2016-cı ilin sentyabrında Konstitusiyaya edilən dəyişikliklər və əlavələrə əsasən təsis edilərək, 2017-ci ilin fevralında konstitusion əsaslarla formalaşdırılıb. İlk olaraq, bu mühüm dövlət vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Mehriban Əliyevanın təyin edilməsi böyük etimad olmaqla yanaşı, həm də böyük məsuliyyət idi. Belə ki, vitse-prezidentlik institutunun dövlət idarəetmə sistemində öz yerini və rolunu təyin etməsi, yəni səmərəliliyi artıq birbaşa ilk təyin edilən şəxsdən asılı idi. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, əksər hallarda vitse-prezidentlik institutu formal xarakter daşıyır. Azərbaycan Respublikasında isə bu institut yeni yaranmasına baxmayaraq, kifayət qədər effektiv bir dövlət idarəetməsi orqanına çevrildi. Bunu şərtləndirən başlıca amillər isə Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti və cəmiyyət üzvlərinin inamını doğrultmaq istəyindən ibarət idi. 
Artıq qeyd edildiyi kimi, bu vəzifəyə təyinat alana qədər də o, müxtəlif sahələrdə uğurlu fəaliyyəti ilə xalqın rəğbətini qazana bilmişdi. Azərbaycan dövlətində sosial siyasətin uğurla həyata keçirilməsində Mehriban Əliyevanın rolu danılmazdır. Onun diqqəti sayəsində cəmiyyətimizin ehtiyacı olan təbəqələri evlə, işlə təmin olunurlar, sağlamlıq problemlərini həll edirlər, bir sözlə, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunurlar. Bununla yanaşı, Mehriban xanım Əliyeva hər zaman cəmiyyət üzvlərinin arasında olmaqla, hakimiyyət-cəmiyyət ünsiyyətini daha da sıxlaşdırıb, inkişaf etdirib. Bu da imkan verir ki, cəmiyyətdən gələn impulslar dövlət hakimiyyətinə daha tez və dəqiq çatsın. Yəni xalq öz istək və arzularını, gözləntilərini dövlətə tez və aydın çatdırmaq imkanlarına malik olmaqla, dövlət siyasətinin formalaşmasına birbaşa təsir edir. Bununla dövlət-xalq dialoqu daim inkişaf edir və müvafiq olaraq, vətəndaş cəmiyyəti elementləri möhkəmlənir. Dövlət-xalq birliyinin güclənməsi isə xalqın rifahına xidmət etməklə yanaşı, milli maraqlarımızın qorunması, yeni inkişaf hədəflərimizə çatılması istiqamətlərində olduqca təsirli amil rolunda çıxış edir. 

Ölkənin Birinci vitse-prezidenti kimi Mehriban Əliyeva özünün yorulmaz, səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşında dövlətinin onun yanında olması hissini əhəmiyyətli dərəcədə gücləndirdi. Beləliklə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında, humanitar və mədəniyyət sahələrində Mehriban xanım Əliyevanın verdiyi ölçüyəgəlməz töhfələri həm ölkə daxilində, həm beynəlxalq müstəvidə aydın müşahidə edilir və qiymətləndirilir. 

Dövlətinə, xalqına sevgi ilə, səmimiyyətlə və fədakarlıqla xidmət Mehriban Əliyevanın ictimai-siyasi obrazının əsas cizgiləri olmaqla yanaşı, həm də onun uğurlarının başlıca şərtlərini təşkil edir.       

Elşad MİRBƏŞİROĞLU,
Milli Məclisin deputatı