Dekabrın 12-si Azərbaycan xalqının yaddaşında yalnız bir anım günü kimi deyil, həm də milli kimliyimizin, dövlətçilik ideologiyamızın və müasir Azərbaycan düşüncəsinin başlanğıc nöqtəsi kimi dərin mənəvi məzmun daşıyır. Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günü, eyni zamanda onun tarixi xidmətlərinə yenidən nəzər salmaq, bu xidmətlərin mahiyyətində dayanan dövlətçilik fəlsəfəsini daha dərindən dərk etmək üçün mühüm bir zamandır. Ümummilli Lider Heydər Əliyev fiziki olaraq aramızda olmasa da, onun yaratdığı böyük Azərbaycan dövləti, irəli sürdüyü inkişaf modeli, cəmiyyətə aşıladığı dövlətçilik hissi və müstəqilliyi qorumaq əzmi hər yeni nəsil üçün canlı bir örnəyə çevrilib. Azərbaycan xalqı bu dahi şəxsiyyəti bir an belə unutmur, çünki onun adı həm müstəqilliyimizin qurtuluşunun, həm də inkişafının simvoludur. Ümummilli Lider Heydər Əliyev XX və XXI əsrlər kəsişməsində Azərbaycanın taleyini dəyişən liderdir. Onun dövlətçilik fəaliyyəti təsadüfi addımların məcmusu deyil, tarixə söykənən, gələcəyə hesablanan, siyasi uzaqgörənliyi ilə fərqlənən konseptual bir xəttdir. Daha 1969-cu ildən başlayaraq Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yüksəlişə aparacaq idarəçilik modelini formalaşdırmağa başlamışdı. O illərdə respublikanın iqtisadiyyatı, sənayesi, elmi potensialı, milli-mədəni sahələri sistemli şəkildə inkişaf etdirildi və Azərbaycan SSR ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi. Bu dövr müstəqillik üçün zəruri olan kadr, təcrübə və sosial baza yaratdı. Dahi liderin ən mühüm keyfiyyətlərindən biri isə daim öz xalqına inamla yanaşması və Azərbaycanın gələcəyinə inanması idi. Bu inam, sonradan müstəqil Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsas təməlinə çevrildi. 1990-cı illərin əvvəllərində Azərbaycan tarixinin ən ağır dövrünü yaşayırdı. Dövlət idarəçiliyi dağılmışdı, vətəndaş müharibəsi təhlükəsi real idi, iqtisadiyyat çökmüşdü, ordu yox dərəcəsində idi və ölkənin parçalanma ehtimalı artmışdı. Belə bir zamanda xalqın təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı. Bu qayıdış yalnız siyasi lider dəyişikliyi deyildi – Azərbaycanın qurtuluş anı idi. O, böyük dövlət xadiminə məxsus qətiyyət və iradə ilə ölkəni uçurumdan geri çəkdi, sabitliyi bərpa etdi, milli birliyi təmin etdi, müstəqilliyi real məzmuna çevirdi. Bu dövrdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi addımlar Azərbaycan üçün tarixi dönüş nöqtəsi oldu. O, müstəqil dövlət quruculuğunun bütün mərhələlərini ardıcıllıqla reallaşdırdı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən dövlət idarəçiliyində yüksək intellektual potensialın rolunu xüsusi vurğuladı. Onun kadr siyasətinin mahiyyəti çox sadə idi. Dövlət idarəçiliyi biliyə, peşəkarlığa, məsuliyyətə söykənməlidir. Ümummilli Lider yüksək təhsilli, fədakar, dövlət düşüncəsinə malik ziyalıları bir araya gətirərək müstəqil dövlətin idarəçilik nüvəsini formalaşdırdı. Bu ənənə sonradan Yeni Azərbaycan Partiyasının strukturunda, siyasi sistemin möhkəmlənməsində və müstəqillik ideyasının geniş təbəqələrə yayılmasında böyük rol oynadı. Bu kadr məktəbi bu gün də Azərbaycan dövlətçiliyinin ən möhkəm dayaqlarından biridir. Ümummilli Lider Heydər Əliyev epoxası – inkişafın, yüksəlişin və güclü dövlət quruculuğunun əsası Ümummilli Lider Heydər Əliyevin prezidentlik dövrü müstəqil Azərbaycanın formalaşdığı və beynəlxalq aləmdə tanındığı mərhələdir. Bu dövrdə həyata keçirilən islahatlar Azərbaycanın gələcək inkişaf modelini müəyyənləşdirdi. Bu epoxanın başlıca nailiyyətləri siyasi sabitliyin təmin edilməsidir. Ən çətin şəraitdə belə dövlətçiliyi qorumaq üçün Ümummilli Lider Heydər Əliyevin göstərdiyi iradə ölkəni xaosdan xilas etdi. Enerji strategiyası “Əsrin müqaviləsi” ilə dünya Azərbaycan neftinə çıxış əldə etdi və iqtisadiyyatın inkişafı üçün maddi baza yarandı. Güclü ordu quruculuğu müasir, nizamlı və peşəkar Azərbaycan Ordusunun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu. Hüquqi dövlət quruculuğu Konstitusiyanın qəbul edilməsi, dövlət institutlarının formalaşması, demokratiya mexanizmlərinin təsisi məhz bu dövrdə həyata keçirildi. Beynəlxalq nüfuzun möhkəmləndirilməsi Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, müstəqil siyasət kursu qəbul edildi. Ümummilli Lider Heydər Əliyev təkcə böyük dövlət xadimi deyildi. O, həm də ailəsinə və xalqına sevgi ilə bağlı olan böyük şəxsiyyət idi. Onun ailə dəyərlərinə münasibəti, övladlarına və nəvələrinə bağlılığı, insanlarla ünsiyyətində səmimiliyi onu daha da ucaldırdı. Bu gün onun ideyalarının ən sadiq davamçısı olan Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun fəaliyyətləri Ümummilli Lider mənəvi irsinin canlı və təsirli davamı kimi çıxış edir. 2003-cü ildən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan təkcə regionda deyil, dünyada nüfuz sahibi olan güclü dövlətə çevrildi. Bu illər ərzində iqtisadiyyat çoxsahəliyə transformasiya edildi, ordu ən müasir standartlara uyğun quruldu, diplomatik fəaliyyət genişləndirildi, ölkə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı və Qarabağda və Şərqi Zəngəzurda dirçəliş və bərpa siyasəti həyata keçirildi. Bu nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik uzaqgörənliyinin müasir təzahürüdür. Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün sadəcə bir lider yox, dövlətçilik ideologiyasının banisi, müstəqilliyin memarı və əbədiyyətə uzanan inkişaf yolunun müəllifidir. Onun həyat yolu Azərbaycanın yenidən doğuluş tarixidir. Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğur, hər bir nailiyyət, hər bir inkişaf pilləsi Ümummilli Lider Heydər Əliyevin möhkəm əsasını qoyduğu dövlətçiliyin davamıdır. Zaman ötəcək, nəsillər dəyişəcək, amma Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin adını və xidmətlərini heç vaxt unutmayacaq. Çünki o, müstəqilliyimizin əbədi simvolu, Azərbaycançılıq ideyasının təməlini qoyan dahi şəxsiyyət və böyük dövlət xadimidir.
Şahin Seyidzadə
Milli Məclisin deputatı