Unikal Şəxsiyyət- Ulu Öndər Heydər Əliyev

Bu gün 12 dekabr- ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad edir, üzərinə düşən tarixi missiyaları hər zaman uğurla yerinə yetirmiş bu unikal şəxsiyyətin ruhuna dualar oxuyur.

Ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycan müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda, onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıtdı. Ölkəni parçalamaq istəyən xarici qüvvələrə yerini göstərdi. Azərbaycanı dəhşətli faciələrdən qorudu və adını tarixin səhifələrinə xilaskar, əsl lider kimi yazdırdı. İnam və etimad onu Azərbaycanın rəhbəri kürsüsünə qaldırdı. 1993-cü ildə böyük səs çoxluğu ilə Prezident seçildi. Heydər Əliyev təkcə daxili siyasətin mahir bilicisi deyildi, Azərbaycanın xarici siyasətinin problemlərini həll etməyi, bu siyasəti necə balanslaşdırmağı da bacarırdı. Ona görə də beynəlxalq təşkilatlar, xarici dövlətlər onun rəhbərliyi dövründə Azərbaycanla daha sıx işləməyə başladılar. Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri həmişə məftun edirdi. Nitqi dərin və konkret idi, müzakirə olunan məsələni milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Xalqın iradəsini əks etdirən siyasi kursdan kənara çıxmırdı.

Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Müasir Azərbaycan dövləti var olduqca Heydər Əliyev sevgisi Azərbaycan xalqının qəlbində sönməyəcəkdir. Zəngin və şərəfli həyatını Azərbaycan xalqının xoşbəxtliyinə, tərəqqisinə və dünya xalqları arasında layiqli yer tutmasına həsr etmiş ümummilli lider Heydər Əliyev qədirbilən xalqımızın tarixində unudulmaz bir şəxsiyyət kimi daim yaşayacaqdır.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Gülöyşə Azad qızı Əhmədzadə