USAID üçün ayrılan 7,9 milyard dollar büdcəyə qaytarılacaq

ABŞ prezidenti Donald Tramp xarici yardım üçün dövlət xərclərini və ictimai yayımçı NPR və PBS üçün maliyyəni ümumilikdə 9 milyard dollar azaldacaq qanunu imzalayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Buradan belə nəticə çıxır ki, Tramp ABŞ Konqresi tərəfindən daha əvvəl təsdiq edilmiş və “müəyyən dövlət xərclərinin ləğvi” ilə bağlı müddəaları özündə əks etdirən qanun layihəsini imzalayıb.

Sənədə əsasən, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçün Dövlət Departamentinə ayrılmış 7,9 milyard dollar, o cümlədən Amerika İctimai Yayım Korporasiyasına ayrılmış 1,1 milyard dollar federal büdcəyə qaytarılacaq.

Bu məbləğ, demək olar ki, tamamilə korporasiyanın NPR və PBS-nin hökumət maliyyəsini aldığı iki illik büdcəsinə bərabərdir.

Tramp iyunun 4-də Konqresə hökumətin xarici yardım və NPR və PBS üçün maliyyə xərclərini ləğv etmək tələbi göndərib. NPR ABŞ-da 797 radiostansiyanı, PBS - 50 ştatda 354 qeyri-kommersiya televiziyasını birləşdirir.

Qeyd edək ki, ABŞ hökuməti sentyabrın 30-na qədər Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xarici nümayəndəliklərini ləğv etmək və onun proqramları üzərində nəzarəti birbaşa Dövlət Departamentinə ötürmək niyyətindədir.