FİFA meneceri Vaqif Heydərlinin müsahibəsi
- Klublarımız qış "transfer pəncərəsi”ndə səsli-küylü transferlər etmədilər. Bunu nə ilə əlaqələndirərdiz?
- Səbəblər müxtəlifdi. Bəzi klublarda maliyyə sıxıntısı varsa, digərləri öz strategiyalarını dəyişdilər. Legionerlərdənsə, yerli futbolçulara üstünlük verdilər. Bunun nə dərəcədə doğru olacağını zaman göstərəcək. Həm də yayla müqayisədə, qışda futbolçu transferi zəif olur.
- Bir menecer olaraq, sizin üçün prioritet məsələ nədi: xaricdən Azərbaycana futbolçu gətirmək, yoxsa bizimkiləri kənara çıxarmaq?
- Ehtiyac olduqda hər ikisi. Təbii ki, öncə futbolçularımızın kənara çıxması. Bu da təkcə menecerlərdən asılı deyil. Burda söhbət ölkə futbolunun hansı səviyyədə olmasından gedir. Bizim futbolumuz inkişaf etdikcə, menecerlərin də futbolçunu xaricə çıxarması asanlaşır. Bu ölkənin futbolçularına inam, etibar, onların səviyyələri haqda fikir mühüm rol oynayır.
- Əksər futbolçularımız ölkə xaricinə çıxa bilməməklərini məhz menecerlərlə əlaqələndirirlər. Deyirlər ki, biz oynamaq istəyirik, sadəcə aparan yoxdu...
- Ola bilər. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram, amma səbəb təkcə bu deyil. Burda müxtəlif səbəblər var: futbolçunun səviyyəsindən tutmuş onun psixoloji hazırlığına qədər. Futbolçu var ki, xaricdə oynamaq iqtidarındadı, amma getmir. Kənarda oynamaq istəmir, ona Bakıda yaşamaq, burda qalmaq daha rahatdı. Yəni bəzilərinin xarakterlə bağlı problemləri var, bəzilərinin isə səviyyəsi çatmır. Problemi təkcə menecerlərlə bağlamaq düzgün deyil.
- Konkret olaraq, kimləri ölkə xaricinə çıxarmaq olar? Hansı futbolçularımızın səviyyəsi buna imkan verir?
- Bizim futbolçulara çox nadir hallarda səviyyəli, perspektiv vəd edən çempionatların klublarından təklif gəlir. Biz menecerlər cəhd edirik ki, futbolçularımız kənara çıxsınlar. Bu insiativ biz tərəfdən gəlir. Bunu da ilk növbədə, gənc, milli komandamızın üzvlərinə aid etmək olar. Amma proses uzun sürət bir prosesdi. Düzdü, son zamanlar bir qədər sürətlənib, tərpəniş var. İnanıram ki, yaxın gələcəkdə bu istiqamətdə müsbət dəyişikliklər olacaq.
- Tərpəniş olsa da, əksər futbolçularımız Türkiyənin PTT I liqasına üz tuturlar. Bunu isə irəliləyiş adlandırmaq olmaz...
- Mən həmişə deyirəm ki, PTT I liqa bizim üçün inkişaf və perspektiv baxımından tramplin sayılmamalıdı. Ora tramplin deyil. Mən Avropanın 2-3-cü dərəcəli ölkələrinin klublarındakı perspektivi daha üstün görürəm. PTT I liqa ilə müqayisədə, Xorvatiya, Macarıstan, Belçika, Hollandiya, Slovakiya, Çexiya, Danimarka və İsveç kimi ölkələrdə perspektiv daha çoxdu. Orda oynamaqla, böyük klublara keçmək asandı.
- Azərbaycana səviyyəli legionerlər az-az gətirilir. Bunun səbəbi çempionatımızın səviyyəsinin yüksək olmaması ilə bağlıdı, yoxsa başqa məqamlar da var?
- Əvvəl nisbətən səviyyəli legionerlər gəlirdi və maraq var idi. Bu həm maliyyə ilə bağlıdı, həm də bir çoxu gəlmək istəmir. Əsasən 30-a yaxın və 30-dan artıq yaşı olan futbolçular Azərbaycan kimi ölkələrə gəlirlər, o da pul qazanmaq məqsədilə. Daha yaxşı futbolçuların gəlməsi üçün ilk növbədə, çempionatın səviyyəsi qalxmalı, ölkə futbolunun reytinqi yüksək olmalıdı. Bu da bir günə baş verə biləcək proses deyil. Bunun üçün ümumi inkişaf lazımdı.
- Hazırda Azərbaycan çempionatında çıxış edən legionerlərdən kimləri səviyyəli hesab edirsiz?
- "Qarabağ”da Reynaldo və Almeyda, "Qəbələ”də Ekiqo, Dodo, "Neftçi”də isə Vobayın adını çəkmək olar.
- Saydığınız futbolçulardan üçü braziliyalıdı. Bu onu göstərir ki, Cənubi Amerikadan, xüsusilə Braziliyadan gələn oyunçular Azərbaycan futboluna daha uyğundular. Üstəlik, adaptasiya prosesini də tez keçirlər. Futbolçu gətirəndə bu kimi meyarlara fikir verirsizmi?
- Doğrudu, düzgün qeyd edirsiz. Bizdə adaptasiya prosesini Avropa ilə müqayisədə, Braziliya və Afrikadan gələn oyunçular daha tez keçirlər. Mən bunu onunla bağlayıram ki, Avropa klubları daha peşəkarlaşıblar. Buna görə də, bura gələn futbolçular xırda, məişət problemlərini görəndə onlar üçün uyğunlaşmaq çətin olur. Braziliya və Afrika klublarından gələnlər isə problemlə üzləşmir. Çünki onların orda gördükləri aşağı-yuxarı bizim klublarla eynidi. Buna görə də, onlar üçün bu və ya digər problemlərlə qarşılaşanda təəccüblü olmur.
- Məşqçilərimizi necə, kənara çıxarmağa cəhd edirsizmi? Hər hansı bir azərbaycanlı məşqçini nə vaxtsa xarici klubda görə biləcəyik?
- Futbolçularla müqayisədə məşqçilərin legioner həyatı yaşamaqları daha çətindi. Bunun üçün həm futbolumuzun səviyyəsi qalxmalı, həm də məşqçilərimizin nəticəsi olmalıdı. Gərək biri uğur qazansın ki, digərlərinə də tələbat olsun. Hal-hazırda təəssüf hissi ilə qeyd etməliyik ki, bizdə bu istiqamətdə durum ürəkaçan deyil. Halbuki bizimkilər Ukrayna və Rusiyanın xaricdə çalışan məşqçilərindən heç də zəif deyillər. Qurban Qurbanov, Tərlan Əhmədov, Nazim Süleymanov, Yunis Hüseynov, Şahin Diniyev, Əsgər Abdullayev, bunların hər biri xaricdə məşqçilik edə bilərlər. Bəziləri yüksək səviyyəli çempionatlarda da işləmək gücündədi. Bir az inam, etibar məsələsi var. Bundan başqa, bizim məşqçilərimizin beynəlxalq təcrübəsi daha çox olmalıdı. Avropada işləmək üçün təkcə Azərbaycanda nəticə göstərmək kifayət etmir. Xarici klublarla ünsiyyətdə olmaq, onların iş prinsipini bilmək və əcnəbi dillərdə danışmaq bacarığı da mühüm rol oynayır. Düzdü, postsovet ölkələrində problem olmaz, çünki bizimkilər rus dilində rahat danışıb, ünsiyyət qura bilirlər. Amma xaric təkcə postsovet ölkələrindən ibarət deyil. Avropa ölkələri var ki, orda dil problemi ortaya çıxır.