Vaşinqton Bəyannaməsi tarixi qələbədir

Müasir, müstəqil Azərbaycan Respublikası 35 ilə yaxın bir dövrü əhatə edən qısa tarixində bir çox böyük nailiyyətlərə imza atıb. Xüsusilə, 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi əmr dünya hərb tarixində görünməyən yeniliyə səbəb oldu. Belə ki, 44 gün ərzində, heç bir mülki şəxsə zərər yetirmədən, Azərbaycan Ordusu 30 il işğal altında olan ərazilərinin azad olunmasında qabaqcıl hərbi texnologiyalardan istifadə etməklə böyük Zəfər qazandı.
Bu hadisə, Azərbaycan xalqının və dövlətçiliyinin tarixində ilk böyük qələbə idi. Bu qələbə müstəqil və suveren dövlət kimi Azərbaycanın əbədi yaşaması və hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Əldə olunmuş bu Zəfərin hüquqi çərçivəyə salınması və dünya siyasi arxitekturasında davamlı sülhün təmin olunması məqsədilə Prezident İlham Əliyev hərb sahəsində olduğu kimi, diplomatiya sahəsində də uğurlu addımlar atır. Ölkə başçısı müxtəlif beynəlxalq platformalarda, eləcə də ikitərəfli və çoxtərəfli görüşlərdə, güc mərkəzlərinin maraqlarını nəzərə almaqla, Cənubi Qafqazda daimi sülhün bərqərar olunmasına yönəlmiş fəaliyyətini əzmlə davam etdirir.
9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra, 8 avqust 2025-ci ildə Vaşinqton şəhərində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbayn və Ermənistan liderləri arasında yeddi bənddən ibarət yeni bir Bəyanatın qəbul edilməsi, diplomatik müstəvidə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün tam bərpasını əks etdirən tarixi hadisə oldu.
Təsadüfi deyil ki, bu strateji sənədin qəbul olunması və regionun gələcəyi üçün ortaya qoyduğu perspektivlər Azərbaycan ictimaiyyəti, siyasi dairələri, o cümlədən müdrik xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Milli Məclisi də ölkədə baş verən ictimai-siyasi hadisələrə reaksiya verən və mövcud çağırışlara uyğun olaraq müvafiq qərarlar qəbul edən bir institut kimi öz mövqeyini ortaya qoyaraq, 9 sentyabr 2025-ci il tarixində keçirilən növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasını uğurla başa vurdu.
Bu günə qədər Azərbaycan Parlamenti ölkənin uğurlarının hüquqi əsaslara söykənməsi və qanuniləşdirilməsi istiqamətində bir çox mühüm iclaslar keçirib, siyasi konfiqurasiyanın əsas fikirlərini əks etdirən qərarlarla dövlətə dəstəyini ifadə edib. Eyni zamanda, Azərbaycan tarixindəki uğurlar siyasi və hüquqi qiymətini də alıb.
Ümumiyyətlə, Konstitusiyamızın 81-ci maddəsinə əsasən, Milli Məclis qanunverici orqan olaraq artıq 30 ildir Azərbaycanda baş verən ictimai-siyasi proseslərdə yaxından fəal iştirak edir, ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verir.
Parlament tərəfindən qəbul olunmuş və Azərbaycan Prezident tərəfindən təsdqilənmiş Azərbaycan Respublikasının Qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını özündə ehtiva edir.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın təmin olunmasında da vacib rol oynayır. Eyni zamanda, Milli Məclis beynəlxalq əməkdaşlıq platformalarında da ölkəmizin maraqlarını təmsil edir. Parlamentin müxtəlif komitələri ölkənin daxili və xarici siyasəti ilə bağlı geniş müzakirələr apararaq dövlətin strateji kursuna töhfə verirlər.
Millət vəkillərinin bu dəfə Azərbaycan Respublikası Milli Məclisinin sədrinə etdikləri müraciət, məhz Azərbaycanın çoxvektorlu xarici siyasəti çərçivəsində, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşlərinin müzakirəsinə, o cümlədən bu məsələyə Parlamentin münasibətinin formalaşdırılmasına yönəldi.
Müzakirələr zamanı Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı əldə etdiyi razılaşmaların Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun uğurla davam etdirilməsinin parlaq nümunəsi olduğu, xüsusilə bu razılaşmaların “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsinin əlamətdarlığı vurğulandı. Bütün millət vəkilləri yekdil şəkildə Azərbaycan Prezidentinin ardıcıl və uğurlu xarici siyasətini dəstəklədiklərini ifadə edərək, dövlət başçısının ətrafında sıx birləşərək, imzalanmış sənədlərin icrası istiqamətində tam hazır olduqlarını bəyan etdilər.
Milli Məclisdə aparılmış bu müzakirələr bir daha sübut edir ki, Parlament beynəlxalq əlaqələrdə və təmsil olunduğu beynəlxalq platformalarda, institutlar və təşkilatlar vasitəsilə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına xidmət edən, böyük dövlətlərin razılığı və iştirakı ilə imzalanmış sülh sənədlərinin təbliğinə və onların həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan tarixinin təhrif olunmasına yol verməmək üçün beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir.
Bu iclas ölkənin ali qanunverici orqanının regionda baş verən mühüm proseslərə verdiyi əhəmiyyətin, dövlət başçısının sülh gündəminə verdiyi dəstəyin və Parlamentin beynəlxalq münasibətlərdə fəal iştirakının təzahürü idi.
Belə təşəbbüslər, həmçinin Azərbaycan parlamentarizminin inkişafı və onun milli maraqlara xidmət edən müstəqil mövqeyinin göstəricisidir. Milli Məclisin sədrinə ünvanlanan müraciət əsasında çağırılan bu növbədənkənar sessiya bir daha göstərdi ki, ölkə Parlamenti dövlət siyasətinin mühüm istiqamətlərinə çevik münasibət bildirməklə həm milli həmrəyliyə, həm də beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun möhkəmlənməsinə töhfə verir.
Əminliklə deyə bilərik ki, ölkənin davamlı inkişafının təmin olunması istiqamətində aparılan islahatların siyasi konfiqurasiyasını təşkil edən Milli Məclis formalaşmış sağlam siyasi mühit və dialoqun, azərbaycançılıq ideologiyasının qorunması üçün bundan sonra da töhfələrini əsirgəməyəcək.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Azərbaycan-Amerika Birləşmiş Ştatları
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü