Vaşinqton görüşü dünyada yeni prosesin başlanğıcıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri, iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyması və bölgədə uzunmüddətli sülhün təmin olunması baxımından tarixi əhəmiyyətə malikdir. Bu səfər, həm də Azərbaycan dövlətinin beynəlxalq arenada mövqeyinin güclənməsi və regionda sabitliyin təmin olunması istiqamətində atılan strateji addımların təcəssümü kimi dəyərləndirilir.

“ABŞ-nin Prezidenti cənab Donald Trampın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri məzmun və əhəmiyyət baxımından qlobal miqyaslı tarixi hadisədir və bütövlükdə region üçün yeni dövrün başlanğıcı hesab olunmalıdır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, dövlət başçımızın səfər gündəliyi iki vacib hədəfi ehtiva edirdi. Birincisi, Azərbaycan-ABŞ əlaqələrinin müasir reallıqlarla uzlaşdırılması, ikincisi isə Azərbaycan-Ermənistan sülh gündəliyinin realizəsi:

“Məlumdur ki, ABŞ və Azərbaycan arasında əlaqələr ölkəmiz müstəqilliyini qazandıqdan sonra mürəkkəb tarixi inkişaf yolu keçmiş, dövlətlərimiz arasında iqtisadi, ticari, enerji və təhlükəsizlik sahələrində zaman-zaman böyük uğurlarla müşahidə olunan inkişaf tendensiyasına şahidlik etmişik. Lakin Bayden administrasiyası dövründə Azərbaycanla münasibətlərə Azərbaycan-Ermənistan, yaxud ABŞ-Ermənistan pəncərəsindən baxması nəticəsində faktiki olaraq sıfırlanmışdı. Donald Trampın ABŞ-də ikinci hakimiyyətə gəlməsi ilə ilk növbədə ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına zərbə vuran bu yarıtmaz siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində real addımlar atılmağa başladı. ABŞ-nin Prezidenti cənab Donald Trampın özünün sosial media hesabında Azərbaycan Prezidentinin nitqinə iki dəfə yer ayırması, o cümlədən dövlət başçımızın Vaşinqtona dəvət edilərək yüksək səviyyədə qarşılanması ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinin başladığını göstərdi”.

Millət vəkili həmçinin bildirib ki, Prezident İlham Əliyevin ABŞ-ə işgüzar səfərinin gündəliyinə daxil olan çox vacib digər məsələ isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi istiqamətində müzakirələrin aparılması, eləcə də prosesin irəlilədilməsi idi:

“Vaşinqtonda baş tutan müzakirələr, imzalanan sənədlər göstərdi ki, cənab İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı həm də sülh gündəliyinin təşəbbüskarı kimi prosesin bütün mərhələsində Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraq və mənafelərini uğurla təmsil edə bilir.

Azərbaycan və Ermənistan arasında sülh prosesi kifayət qədər gərgin və mürəkkəb bir perioddan keçmiş, yalnız Azərbaycanın hərbi-siyasi qələbələri fonunda yaranan geosiyasi reallıqlar İrəvanı cari sülh ritorikasına gətirib çıxara bilmişdir. Məlum olduğu kimi, Azərbaycan Vətən müharibəsindən sonra qalib tərəf olmasına baxmayaraq sülh təşəbbüslərinə start vermiş, 2022-ci ilin əvvələrində bizim onsuz aydın olan sülh konspesiyamızı ehtiva edən 5 əsas prinspi Ermənistana təqdim etmişdir. Məhz bu şərtlər əsasında Azərbaycan tərəfindən sülh müqaviləsinin mətni hazırlandı, lakin Azərbaycan ərazisində hələ də separatizm ocağının mövcud olması, o cümlədən özünü beynəlxalq ictimaiyyət elan edən ayrı-ayrı güclər bu qəbildən ABŞ-nin Bayden administrasiyası, Fransa və bu orbitdə olan ayrı-ayrı beynəxalq subyektlərin təhriki Ermənistan sülhdən maksimum yayınmaqda davam edirdi.

Daha dəqiq desək, İrəvan məğlub tərəf olmasına baxmayaraq sülh sazişində diqtə edən tərəf kimi çıxış etməyə o zaman Qarabağda yaşayan erməni sakinlərinin məsələsinə dair sülh müqaviləsində müvafiq bəndin olmasında israr edirdi, lakin Azərbaycanın maraqları və mənafelərini birmənalı şəkildə müzakirə mövzusu etməyən cənab İlham Əliyev ölkənin daxili məsələsini dövlətlərarası sənədin subyekti ola bilməyəcəyini və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini prinsiplərdən biri kimi dövlətlərin daxili işlərinə qarışılmasının yolverilməzliyini qətiyyətlə bəyan etdi”.

Deputat əlavə edib ki, Ermənistanın cəhdlərinin faydasız olduğunu görən İrəvanın o zamanki hamiləri Bayden administrasiyası və Makron rejimi açıq şəkildə prosesə müdaxilə etməyə sülh müzakirələri fonunda Azərbaycanın qəbul etmədiyi mövqeyi özlərinin diqtəsi ilə qəbul etdirməyə can atır, bu istiqamətdə təxribatlardan, ölkəmizə münasibətdə heç bir siyasi, hüquqi əlxaqa sığmayan çirkab kampaniyasından çəkinmirdilər:

“Lakin Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri region üçün təhdid edən separtizm amilinə son qoymaqla bərabər həm də qeyri-region güclərinin təsir riçaqlarını heçə endirməklə onların bölgədə sülh prosesinə yarıtmaz müdaxilə imkanlarını da sonlandırmış oldu. Bu isə öz növbəsində sülh prosesinin yenidən aktivləşməsinə və bu ilin mart ayında sülh müqaviləsi üzrə danışıqların müqavilə mətninin şərtlərinin razılaşdırılması ilə yekunlaşdı.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Bəyannamə qeyd edilən tendensiyanın məntiqi sonu və Ermənistanın rəsmən Azərbaycanın bütün şərtlərini qəbul etməsi demək idi. Beləliklə, Vaşinqtondan səslənən və imzalanan həmin bəyanat müharibədə qalib gəlmiş Prezident İlham Əliyevin sülhü də qazandığını ehtiva edən bir reallıq ortaya qoydu. Çünki bu sənəddə Azərbaycanın israrla tələb etdiyi bütün şərtlərin təmin edilməsi ehtiva olunub. İlk növbədə rəsmi Bakının Minsk qrupunun ləğvi ilə bağlı mövqeyinə uyğun olaraq ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair mövqe ifadə olundu və sülh sazişinin paraflanmasının ardınca Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə birgə müraciəti ünvanlandı”.

B.Məhərrəmov söyləyib ki, bu özlüyündə Azərbaycan Respublikasının sülh prosesi ilə bağlı müəyyən etdiyi prinsipial şərtlərdən birinin qeyd-şərtsiz qəbul edilməsi deməkdir:

“Lakin Bəyannamənin mətnindən də göründüyü kimi, Azərbaycanın şərtlərinin təmini yalnız Minsk qrupunun buraxılması ilə çərçivələnmir. Ermənistan, həmçinin bu bəyanatla öz konstitusiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını birmənalı şəkildə qəbul edir və eyni zamanda bu gün erməni cəmiyyətində hakim olan revanşist ab-havadan imtina etməyi birmənalı öhdəlik kimi üzərinə götürür.

Nəzərə alsaq ki, Ermənistan qısa müddət öncəyə qədər bu məsələnin İrəvanın daxili işi olduğunu və heç bir formada sülh müqaviləsinin imzalanması üçün şərt olaraq bilməyəcəyini bütün səviyyələrdə rəsmən bəyan edirdi. Belə bir vəziyyətdə Ermənistanın Vaşinqtonda mövqeyini praqmatik istiqamətdə dəyişməsi, heç şübhəsiz ki, Bakının konseptual qələbəsidir. Qəbul edilən sənəddə Azərbaycan Prezidentinin daim vurğuladığı və Bakı ümummilli maraq hesab edilən Zəngəzur dəhlizinin açılması ilə bağlı məqamın yer alması bir daha sübut etdi ki, birgə Bəyannamə regionda Azərbaycanın yaratdığı status-kvonun ABŞ başda olmaqla, bütövlükdə beynəlxalq ictimaiyyət tərəfindən qəbullanan bir format şəklində ortaya qoyulub.

Qeyd olunanlar fonunda əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin Vaşinqtonda qazandığı böyük qələbə beynəlxalq diplomatiya tarixində ustad dərsi olmaqla yanaşı, yalnız Cənubi Qafqaz regionu yox, bütövlükdə dünyanın təhlükəsizlik arxitekturasında önəmli rol oynayan bir prosesi başlatmış oldu”,- deyə deputat qeyd edib.