21 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyirdi ki, " Müharibə hələ başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ordunu bərpa etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir”. Və beləliklə, o, bu çətin olduğu qədər şərəfli və məsuliyyətli vəzifəni həyata keçirə bildi.
Biz artıq təqvimlərimizdə kədər, ağrı, faciə ilə dolu işğal günlərini deyil, qürurla qeyd etdiyimiz qələbə tarixlərini görürük. 17 oktyabr, Füzuli şəhərinin işğaldan azad edildiyi gündür. 1993-cü ilin siyasi və hərbi xaosu nəticəsində düşmən tapdağı altına düşən Füzuli rayonu, təkcə füsunkar təbiəti ilə deyil, qədim tariximizin, mədəniyyətimizin izi olan abidələri ilə də məşhur idi. Lakin düşmən bu gözəllikləri də viran qoydu, talan etdi. Amma 30 ilə yaxın davam edən erməni işğalı 44 günlük Vətən müharibəsi ilə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan Ordusunun qətiyyətli iradəsi ilə qazanılan bu qələbə, Füzuli kimi strateji əhəmiyyətli torpaqları düşmən tapdağından azad etdi. Hər gününü qələbə ilə tarixə yazan, qəhrəmanlıq dastanı yaradan ordumuz, 2020-ci il oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və nəhayət, Füzuli şəhərini azad etdi. Bu zəfər təkcə Füzulinin deyil, bütöv Azərbaycanın zəfəri oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə sağlıq versin! Onların qəhrəmanlığı bizim qəlbimizdə əbədi yaşayacaq!
Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın davam edən işğalı, Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının 4 qətnaməsinə məhəl qoymaması və digər cinayətlərə görə Ermənistanı heç vaxt qınamayıblar, heç bir sanksiya tətbiq etməyiblər. Hətta Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarından xeyli uzaqda yerləşən şəhər və kəndlərimiz raket atəşlərinə tutuldu, dinc insanlar, o cümlədən qadın və uşaqlar həlak oldu, yaralandılar. Ancaq yenə də dünya susdu, insan hüquq və azadlıqlarından danışan beynəlxalq təşkilatlar susdular. 17 oktyabr 2020-ci il tarixində Ermənistanın dinc sakinlərə qarşı törətdiyi amansız hücum, insanlıq adına ləkə olan bir hərbi cinayət idi. Bu hücum, Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüququ açıq şəkildə pozaraq, azərbaycanlıların iradəsini qırmaq cəhdinin sonuncu nümunəsi idi. Lakin düşmənin bu məkrli planı bir daha sübut etdi ki, Ermənistanın cinayətkar rəhbərliyi müharibə meydanında deyil, yalnız günahsız insanların qanını tökməklə gücünü göstərir. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qaldı. Raket zərbələri nəticəsində 26 dinc sakin həlak oldu, 175 nəfər yaralandı, evlər və mülki obyektlər dağıldı. Lakin bu itkilər xalqımızın ruhunu sarsıda bilmədi. Azərbaycan xalqı bu çətin anlarda daha da birləşdi, yüksək vətənpərvərlik, qətiyyət və mübarizə əzmi nümayiş etdirərək, ordumuza dəstəyini əsirgəmədi. Terror qurbanlarının ruhu həmişə bizim ürəklərimizdə yaşayacaq! Biz heç vaxt düşmənin hərbi cinayətlərinə cavab olaraq eyni yolla getmədik – biz müharibəni ləyaqətlə, döyüş meydanında apardıq və ədalətli qələbəmizi təmin etdik. Gəncəyə atılan hər bir raket Ermənistanın məğlubiyyətini, mənəvi iflasını simvolizə edirdi. Ermənistanın bu vəhşiliklərinə göz yuman beynəlxalq ictimaiyyət bu cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Qəddarlıq və zorakılığa səssiz qalmaq ədalətin susdurulması deməkdir. Azərbaycan öz tarixi vəzifəsini yerinə yetirdi. Dünyanın heç bir dövləti hələlik hərbi-siyasi vasitələrlə beynəlxalq hüququn təntənəli qələbəsinə nail olmaq qabiliyyəti ilə öyünə bilməz. Üstəlik, bunu ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsinin planlarına zidd olaraq reallaşdırdı.
Qələbəmizdən cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı şanlı Azərbaycan bayrağını Füzuli şəhərində dalğalandırdı. Bu gün Füzuli şəhəri günüdür. Bu əlamətdar günün təsis edilməsi Füzuli şəhərinin erməni işğalından azad edilməsinin tarixi ilə bağlıdır. Füzuli, digər işğal altında olan torpaqlarımız kimi, 30 il ərzində dağıdılıb, viran qoyulub. Lakin müharibədən sonra artıq qürurla deyə bilərik ki, Füzuli dirçəlir, həyat qayıdır. Bu gün Füzulidə və işğaldan azad edilən digər torpaqlarımızda geniş miqyaslı infrastruktur layihələri həyata keçirilir. Qısa müddətdə inşa edilən və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın gücünü, iqtisadi qüdrətini bir daha sübut edir. Bütün bu layihələr, bir məqsədə xidmət edir: torpaqların əzəli sahibləri geri dönür, Qarabağ və Şərqi Zəngəzur əvvəlki əzəmətini yenidən bərpa edir.
Azərbaycan Prezidenti Cənubi Qafqazda dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisadi vəziyyət yaratdı. Onun “sözümüz imzamız qədər dəyərlidir” postulatı bu gün və gələcək üçün vacib amildir. Biz görürük ki, bu gün Azərbaycana nə qədər təzyiq göstərirlər. Bu gün sözün əsl mənasında revanşist qüvvələrlə, Ermənistanın havadarları ilə mübarizə aparılır. Lakin bütün bunlar bizi haqlı mübarizəmizdən çəkindirə bilməz. Diplomatik və siyasi təsirlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönməyən dövlət başçımız bu gün də bu qətiyyəti, siyasi iradəni Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərir.
Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova