Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.Aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, bu gün Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticari, investisiya, kommunikasiya əlaqələri diplomatik kanallardan istifadə edilərək inkişaf etdirilir. Lakin xalqlar arasında təmasların artırılması, o cümlədən viza tələbini ləğv etməklə turistlərin sayının çoxalması ictimai diplomatiya məzmununda əlaqələrimizə xüsusi töhfə verə bilər. Bundan başqa, qarşılıqlı gediş-gəlişdə bürokratik əngəllərin tam şəkildə aradan qaldırılması ticari münasibətlər üçün də yeni səhifə aça, turist qismində Azərbaycana və Çinə gedən vətəndaşları potensial investora çevirə bilər:
Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" Bakı-Pekin münasibətlərində tamamilə yeni mərhələdir. Bildiyiniz kimi, Prezident İlham Əliyev bu ilin fevralında Davosda Çinin CGTN telekanalına müsahibəsində ölkəmizin Çin vətəndaşları üçün elektron viza tələbini ləğv etdiyini və Azərbaycan vətəndaşlarının da Çində bu fürsətdən yararlanacağına ümid etdiyini bildirmişdi. Dövlət başçımızın bu istiqamətdə mövqeyi kifayət qədər aydındır. Bu gün Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticari, investisiya, kommunikasiya əlaqələri diplomatik kanallardan istifadə edilərək inkişaf etdirilir. Lakin xalqlar arasında təmasların artırılması, o cümlədən viza tələbini ləğv etməklə turistlərin sayının çoxalması ictimai diplomatiya məzmununda əlaqələrimizə xüsusi töhfə verə bilər. Bundan başqa, qarşılıqlı gediş-gəlişdə bürokratik əngəllərin tam şəkildə aradan qaldırılması ticari münasibətlər üçün də yeni səhifə aça, turist qismində Azərbaycana və Çinə gedən vətəndaşları potensial investora çevirə bilər. Bu mənada, Prezident İlham Əliyevin Çinə cari dövlət səfəri və imzalanan sənədlər, ələlxüsus vətəndaşların qarşılıqlı viza tələbindən azad edilməsinə dair müvafiq razılaşma nəinki ölkələrimiz arasında münasibətlər tarixində, bütövlükdə regionda əhəmiyyətli geosiyasi hadisə hesab edilməlidir.