Seçkiqabağı təbliğat-təşviqat kampaniyamız Füzuli rayonu Qazaxlar kəndinin sakinləri ilə davam etdi. Bütün görüşlərimizdə olduğu kimi, öncə Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha sonra kəndin ziyallısı Bayandur Şirinov çıxış edərək sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət etdi.
VI Cağrış Milli Məclisdə təmsilçiliyim dövründə həyata keçirdiyim işlər ilə bağlı geniş məlumat verdikdən sonra yeni platformam ilə əlaqədar fikirlərimi bölüşdüm. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Füzuli rayonunun inkişafı üçün də yeni imkanlar yaradır.
Seçicilərin etimadını qazanacağım halda əvvəlki illərdə olduğu kimi Horadiz şəhərində hər ay təşkil edilən qəbulların və kənd sakinləri ilə ayrıca görüşlərin davam etdiriləcəyini bildirdim. VI Cağrış Milli Məclisdə təmsilçiliyim dövründə keçirdiyim 131 görüşdə sakinlərimiz tərəfindən qeyd olunan qayğıların həllinə dəstək olmağa çalışdım və seçicilərimizi maraqlandıran məsələlər növbəti dövrdə də mənim üçün prioritet olacaq.
İnteraktiv formada keçirilən görüşdə kənd sakinlərinin fikirləri dinlənildi və sualları cavablandırıldı.
Elmimlə Daim Elimin Yanındayam!
Vüqar Bayramov