Xalq birliyinin və həmrəyliyinin güclənməsində Heydər Əliyevin rolu

XX əsr Azərbaycan tarixi çox mürəkkəb proseslərin baş verdiyi dövrü özündə əks etdirir. Əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı soyqırımı, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, AXC-nin işğal olunması, formal müstəqilliyə malik Azərbaycan SSR-in yaradılması, milli ziyalılarımızın repressiya olunması, SSRİ-nin xalqımıza qarşı yürütdüyü erməniləşdirmə, ruslaşdırma və xristianlaşdırma siyasəti, II dünya müharibəsi,

Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-nin rəhbəri kimi milli kimlik, milli azadlıq və müstəqillik uğrunda mübarizəsi, SSRİ-nin süquta doğru getməsi, Azərbaycanda milli azadlıq hərəkatının son mərhələsinin təkamül etməsi və nəticədə müstəqil Azərbaycanın qurulması, Qarabağın ermənilər tərəfindən işğal olunması və sadalamaqla sayıb bitirə bilməyəcəyimiz ardıcıl və mühüm tarixi proseslər məhz bu dövrdə cərəyan etmişdir. Xüsusilə toxunduğum tarixi gün isə 1993-cü ilin 3 oktyabrıdır. Çünki, 1993-cü ilin 3 oktyabrında Azərbaycan xalqı müstəqil Azərbaycanın gələcək müqəddəratını həll etdi. Həmin gün Ulu öndər Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ölkədaxili xaos və anarxiyaya, ictimai, siyasi və iqtisadi böhrana son qoydu. Dövlətimiz dayanıqlı şəkildə davamlı olaraq inkişaf etməyə başladı. Əvvəlki hakimiyyətin siyasi səriştəsizliyinin nəticəsində ölkədə baş verən bütün mənfi halların və hadisələrin inkişafının qarşısı alındı. Heydər Əliyev öz xilaskarlıq missiyasını yüksək səviyyədə yerinə yetirməklə Azərbaycan xalqını öz tarixinin taleyüklü və mürəkkəb mərhələsini böyük məhrumiyyətlərə uğramadan atlatmasına şərait yaratdı. Böyük öndər uçurumun kənarında olan dövlətçiliyimizin əsaslarını möhkəmlətdi. Xalq birliyinin və həmrəyliyinin güclənməsini təmin etdi. Beləcə azad, müstəqil, sərbəst və müasir Azərbaycanı qurdu. Allah ümummilli lider Heydər Əliyevə rəhmət eləsin!

Anar Salehoğlu

İctimai-siyasi fəal, İctimai əsaslarla deputat köməkçisi