Müasir Azərbaycan tarixinin hər səhifəsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolu və yorulmaz fəaliyyətinin nəticələrini görür və bunu öz real həyatımızda hiss edirik. Heydər Əliyevin müdrik idarəçiliyi və ölkəyə göstərdiyi sədaqət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və xalqın rifahının yüksəlməsi üçün fundamental zəmin yaratmışdır. Xalqa xidmət, vətənə sədaqət və milli maraqların qorunmasını əsas prinsip kimi rəhbər tutan Heydər Əliyev Azərbaycanın inkişaf yolunu müəyyən etmişdir.
1993-cü il oktyabrın 3-də xalqın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin ən böyük xidmətlərindən biri siyasi sabitliyin bərpası oldu. “Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Biz müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz etməliyik”, həqiqətini ortaya qoyan Ulu Öndər dövlət çevrilişi cəhdlərini aradan qaldırdı, ölkədə vətəndaş qarşıdurmalarına son qoydu.
Heydər Əliyev dövlət quruculuğunu yalnız siyasi və iqtisadi aspektlərlə məhdudlaşdırmadı. O, milli-mənəvi dəyərlərə əsaslanan dövlətçilik fəlsəfəsini formalaşdırdı. Azərbaycançılıq ideologiyası ölkənin birləşdirici mənəvi sütununa çevrildi, bütün dünya azərbaycanlılarını birləşdirən əsas ideya kimi formalaşdı. Milli həmrəylik müstəqil dövlətin uzunmüddətli inkişaf yolunu müəyyənləşdirdi. Tarixi-mədəni irs qorundu, gənc nəslin milli ruhda tərbiyəsi diqqət mərkəzində oldu. Bu proseslər dövlətlə cəmiyyət arasında güclü etimad münasibətlərinin formalaşmasına gətirdi.
Ulu Öndər deyirdi ki: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Məqsəd aydındır: Azərbaycanı bütöv, müstəqil, güclü görmək, Azərbaycan vətəndaşını əzmli, vətənpərvər, qüdrətli görmək. “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın”. Bəli, bu həm öhdəlik, həm də bir nəsihət idi. Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Ulu Öndər bu məsələyə çox həssaslıqla yanaşırdı, keçmişindən ayrı düşən xalq, bu günü yaşayıb, gələcəyini qura bilməz. Ona görə də, bu böyük şəxsiyyət, hər bir fürsətdə inamla, davamlı olaraq çalışır, mənsub olduğumuz tariximizi, mədəni dəyərlərimizi yaşatmaq üçün inanılmaz işlər görürdü.
Onun ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsi idi. Ulu Öndər bizi bu Qələbəyə inandırırdı, çünki özü inanırdı. Onun hər bir çıxışı hər birimizdə inam yaradırdı. Bütün həyatını erməni millətçiləri, separatçıları onların havadarı olan siyasi qüvvələr ilə mübarizəyə həsr edən dahi siyasətçi, qəti şəkildə bildirirdi ki, heç vaxt ruhdan düşmək və bir an belə mübarizədən geri çəkilmək olmaz. Ulu Öndər hər zaman bu düşüncədə olub, yorulmadan, usanmadan, hətta saatlarla, günlərlə erməni işğalından, xalqımıza qarşı törədilən soyqırımından, münaqişənin əsl səbəbi və mahiyyətindən danışıb, məruzələr edib, müzakirələr aparıb.
2003-cü ilin Prezident seçkilərində Heydər Əliyev onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına müraciətində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edərək, əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü işləri İlham Əliyev başa çatdıracaq. Belə də oldu və ötən illər Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi.
Bu gün Heydər Əliyevin ruhu şaddır, çünki Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığına qovuşub. Dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlər davamlı xarakter alır, ölkəmiz regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rol oynayır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı