Oktyabrın 20-də Xankəndi şəhərində Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işinə başlayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, forumda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov ölkəmizin son illərdə keçdiyi mühüm tarixi mərhələlərdən, dövlətimizin əldə etdiyi uğurlardan və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolundan bəhs edib.Elçin Yusubov qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə aparılmış 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycan öz konstitusiya quruluşunu tam bərpa edib, suveren hüquqlarını ölkənin bütün ərazisində təmin edib. Onun sözlərinə görə, bu, təkcə hərbi və siyasi qələbə deyil, həm də ədalətin, qanunun və Konstitusiyanın prinsiplərinin bərpasıdır.
Xüsusi nümayəndə bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dayanıqlı məskunlaşma, yaşıl enerji zonalarının yaradılması, mədəni irsin qorunması və yeni iş yerlərinin açılması, Konstitusiyanın əsas prinsipləri olan insan rifahı, sosial ədalət və inkişafın real təcəssümüdür.
E. Yusubov qeyd edib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir. Artıq 1040 ailə - 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumilikdə bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub.
Qeyd olunub ki, bölgədə təhsil, səhiyyə və sosial infrastruktur sürətlə bərpa olunur. Qarabağ Universitetinin, müasir klinikanın, məktəb və uşaq bağçalarının fəaliyyətə başlaması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir. Hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.
Elçin Yusubov çıxışında bildirib ki, işğaldan azad edilmiş ərazilərin inkişafında qeyri-hökumət təşkilatlarının rolu mühüm əhəmiyyət kəsb edir. QHT-lər dövlət siyasətinin həyata keçirilməsində, ictimai nəzarətin gücləndirilməsində, sosial layihələrin təşviqində və reinteqrasiya proseslərində mühüm tərəfdaş kimi çıxış edirlər.
"Qeyri-hökumət təşkilatları işğal dövründə və ondan sonrakı illərdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, dezinformasiya kampaniyalarına qarşı mübarizədə, insan hüquqları və mədəni irsin qorunması istiqamətində böyük rol oynayıb. Bu gün isə onların qarşısında yeni və strateji vəzifə durur - azad edilmiş ərazilərin reinteqrasiyasında, sosial adaptasiya və bərpa proseslərində fəal iştirak etmək," deyə Elçin Yusubov vurğulayıb.