Qətiyyətdən doğan zərurət

Azərbaycan Respublikasının suverenliyinin ölkənin bütün ərazilərində bərpası ilə nəticələnən lokal antiterror tədbirləri və Prezident İlham Əliyevin uzun illər boyu separatçıların, terrorçuların və işğalçı qüvvələrin cinayət yuvasına çevrilmiş Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması son 200 illik tariximizin ən şərəfli səhifələrindəndir.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Azər Kərimli İlham Əliyevin Azərbaycan Prezidenti seçildiyi ilk gündən ölkənin ərazi bütövlüyünün, suverenliyinin bərpasını qarşısına müqəddəs vəzifə kimi qoyduğunu və bu çətin, 5 il öncə mümkünsüz görünən vəzifənin öhdəsindən məharətlə gəldiyini bildirib:

“Prezident İlham Əliyev hələ 2003-cü ildə, dövlət başçısı kimi ilk dəfə and içərkən Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəyini bəyan etmişdi, bununla paralel olaraq, Azərbaycanın güclü, qüdrətli dövlətə çevriləcəyindən, ordu quruculuğundan, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsindən söz açmışdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə nəticələnən 44 günlük müharibə və antiterror əməliyyatları Prezident, Ali Baş Komandan İlham Əliyevin ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasına gətirib çıxaran böyük, tarixi missiyanın, yalnız görünən tərəfidir. Nəzərə almaq lazımdır ki, bu gün torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin bərpası ilə barışa bilməyən qüvvələr torpaqlarımızın işğal altında olduğu 30 illi zaman kəsiyində nəyin bahasına olursa-olsun bizi təslimçi sülhə sövq etmək, müqavimətimizi qırmaq istəyirdilər. Amma Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, iti zəkası işğalı əbədiləşdirmək istəyənlərin planlarını alt-üst etdi, bayrağımızı, qürurumuzu azadlığına qovuşmuş yürd yerlərimizin ən uca zirvələrinə daşıdı”.

44 günlük müharibəyədək, Ermənistanın və himayədarlarının bütün təxribatlarına baxmayaraq, Azərbaycanın işğala sülh yolu ilə son qoyulması üçün bütün mümkün imkanlardan istifadə etdiyini bildirən millət vəkili qeyd edib ki,  2020-ci il sentyabrın 27-dən başlayan Zəfər yürüşündə Müzəffər Ordumuzun işğalçıları darmadağın etməsinə baxmayaraq, dövlətimizin yenidən humanizm nümayiş etdirdiyini bildirib:

“Amma işğalçı ordunun tör-töküntüləri, uzun illər boyu xaosa, özbaşınalığa alışmış müharibə caniləri Azərbaycanın təqdim etdiyi, əsla layiq olmadıqları bu şansdan yenidən silahlanmaq, cinayətlərini təkrarlamaq üçün istifadə etməyə çalışdılar. Dövlətimizin, xalqımızın səbrindən, humanist niyyətindən növbəti dəfə sui-istifadə edənlərin diz üstə çökərək ağ bayraq qaldırmaları cəmi bir neçə saat çəkdi və lokal antiterror tədbirləri, növbəti dəfə Azərbaycan ordusunun döyüş qabiliyyətini, Ali Baş Komandanın sarsılmaz iradəsini nümayiş etdirdi. Prezident İlham Əliyevin Xankəndidə səsləndirdiyi tarixi nitqində deyildiyi kimi, Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq”.