“Xarıbülbül” Azərbaycan Vizyon teatrının açılışı Zəfərimizi gözləyirdi. Biz artıq altı ildir ki, Türkiyə-Azərbaycan Vizyon Teatrı olaraq fəaliyyət göstərdik. İndi qürurla “Xarıbülbül” adını daşıyır, bu ada layiq olmağa çalışırıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbulda fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatrı Dərnəyini rəhbəri Kamalə Cabbarova söyləyib.
Başda Ali Baş Komandanımız, Prezident İlham Əliyev olmaqla bu tarixi Zəfərin əldə edilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirən K.Cabbarova deyib: “Bu Qələbədən sonra dövlətimizin daha da güclənəcəyinə əminəm. Bu Zəfəri bizə yaşadan, Vətən torpağının geri qaytarılmasında canında keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə möhkəm cansağlığı arzu edirəm. Oğullarımız bizim alnımızı açıq etdilər. Mən bu müharibədə anaların rolunu xüsusi vurğulamaq istərdim, anaların böyük qəhrəmanlığını gördüm. Qırx dörd günlük bu müharibədə Azərbaycan qadını nə qədər qeyrətli və güclü olduğunu bir daha sübut etdi”.
Hazırda teatrın Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə yeni tamaşa üzərində işlədiyini deyən müsahibimiz ən böyük arzusunun teatr kollektivi ilə birgə Şuşada tamaşa nümayiş etdirmək olduğunu bildirib.