Xeyriyyəçilik onun xarakterindən xəbər verir

Azərbaycanda xeyriyyəçilik deyəndə insanların ağlına ilk olaraq Hacı Zeynalbdin Tağıyev gəlir. Bakı milyonçusu olan Tağıyev kasıb ailədən çıxmışdı və sonradan özünün ağılı, zəhməti, zirəkliyi hesabına sərvət qazanmışdı. O dövrdə Tağıyevdən başqa da milyonçular var idi. Amma Hacı öz sərvətindən xalqına, insanlara pay, hədiyyə verməyə paxıllıq etmir. Azərbaycanda xeyriyyəçiliklə  əsasən Tağıyev kimi iş adamları, sahibkarlar məşğul olub.

Bütün dünyada vergi ödəyicilərinə, xüsusilə də, əgər o şəxs iş adamıdırsa, yüzlərlə insanı işlə təmin edirsə, böyük diqqət və hörmət sahibi olur. Çünki bu cür iş adamlarının dövlət büdcəsinin formalaşmasında müəyyən payı olur, əhalinin sosial rifahının təmin edilməsində müsbət rol oynayır. Dövlətinə, cəmiyyətinə heç bir xeyri dəyməyən, hər şeyə neqativ rakursdan yanaşan, uğurlu insanların fəaliyyətinə kölgə salan, onların fikirlərini məsxərəyə qoyaraq ictimai fikri çaşdıran belələrinin “fəaliyyətləri” sabun köpüyündən başqa bir şey deyil. Həyatda yalnız mübarizə aparanlar, fəaliyyət göstərənlər, savaşanlar ya qalib gəlir, ya da uduzurlar. İşi-gücü başqalarının fəaliyyətlərinə tamaşa etməkdən ibarət olanlar isə nə uduzurlar, nə də udurlar. Onlar ən yaxşı halda qalibləri alqışlayır, uduzanlara isə “ağıl” öyrədirlər. Ətrafımızda bu cür adamlar çoxdur. Qınamayaq. Onlar da belə yaranıblar və belə yaşayırlar…  

Son günlər Şərurlu İsfəndiyar ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun məlum açıqlamalarının ətrafında səs-küy yardılıb, tozanaq qoparılıb. Başqa vaxtı söz və fikir azadlığından dəm vuranlar indi əllərində top-tüfəng, qılınc-qalxan götürüb iş adamının üstünə hücuma keçiblər. Sanki hörmətli sahibkarın şəxsi düşüncələri, fikirləri nüvə başlıqlı raket imiş və bunların tıfağını dağıdıb. İndiyə qədər fərqli fikirlərdən, fərqli yanaşmalardan heç kəs zərər çəkməyib. Əksinə həqiqiət müxtəlif fikirlərin toqquşmasından yaranır. Bir binanı tikərkən öncə plan-layihə komanda daxilində, mütəxəssislər arasında müzakirə olunur. Müzakirələr zamanı müxtəlif fikirlər səslənir, tənqidi yanaşmalar olur. Bunlar ümumi işin xeyri üçündür. Cəmiyyətdə də belədir, fərqli fikirlər toplumun sağlamlaşması, düzgün istiqamətdə getməsinə xidmət edir.

Dövlətinə bağlı, xalqına sonsuz sevgisi olan, insanlara yalnız xeyiri dəyən İsfəndiyar Axundovun da açıqlamalarına, müsahibələrinə bu konteksdən yanaşmaq lazımdır. Bəs iş adamını tənqid edənlər kimlərdir?

-              Həyatda heç bir uğur qazanmayan, dövlətə müxalif olan insanlar

-              Başqasının uğurlarını gözü götürməyənlər, içləri kin-küdurətlə dolu olanlar

-              Tənqid eməklə iş adamından nəsə qoparacağına ümid edənlər

-              Zərərli ideologiyaya sahib insanlar, radikal dini qrupların üzvləri, ölkədə şəriət qayda-qanunu yaratmaq istəyənlər.

-              İş adamının sözlərini anlamaq qabiliyyətində olmayan, sadəcə kütləyə qoşulanlar, qazanda nəyin bişdiyini bilməyib boşqabını uzadanlar, mövcud olduqlarını göstərmək üçün tənqid xatirinə tənqid yazanlar

-              İsfəndiyar Axundovun fikirləri ilə razılaşmayan səmimi insanlar. Belələrinin olması normaldır və onlar hörmətə layiqdirlər.

İndi keçək əsas məsələyə. Şərurlu İsfəndiyar kimdir? Kasıb bir ailədən çıxmış, zəhmətkeş Azərbaycan vətəndaşı. Öz köklərinə, sadə xalqa bağlı olan, özünü “çoban” adlandırmaqdan çəkinməyən səmimi soydaşımız, eloğlumuz. Əlinə 5-3 manat pul düşəndən sonra öz kimliyini unudan, az qala yaxınlarından imtina edən bəzilərindən fərqli olaraq İ.Axundov heç vaxt özünü toplumdan üstün tutmayıb.

1500-dən çox işçisi olan, deməli, 1500-dən çox ailənin sosial problemlərinin həllində rol oynayan İ.Axundovun rəhbəri olduğu “Şərur MTK”-dan bu günə qədər narazılıq edən bir işçiyə rast gəlmisinizmi? Yaxud iş adamının bu günə qədər əhalinin kasıb təbəqəsinə, həssas qruplara etdiyi yardımları reklam etməsi ilə qarşılaşmısınızmı? Siz heç “Şərur MTK”nın tikdiyi binaların keyfiyyətindən şikayət edənlə heç rastlaşmısınızmı? İş adamına məxsus “Hollivud” sarayı Azərbaycanda Almaniyadan gətirilmiş yüksək texnologiyalı havatəmizləmə sistemi ilə təchiz edilmiş ilk tikilidir. İstəsəydi, digər saraylarda, restoranlarda olan adi havatəmizləmə sistemindən də istifadə edə bilərdi. Amma İ.Axundov öz vicdanının səsinə qulaq asaraq ilk dəfə olaraq yeni texnologiyadan ölkədə istifadəyə qərar verdi. Bu onun maddi imkanlarının çoxluğundan deyil, xarakterindən xəbər verir. Çünki Azərbaycanda ondan da varlı iş adamları var, amma onların heç də hamısı yeniliklərə pul xərcləmək istəmirlər...

İ.Axundovun müsahibələrini yaxından izləsəniz görərsiniz ki, Azərbaycanda heç bir sahibkar, MTK sədri onun qədər işçilərin bilik və bacarıqlarının artırılmasında, ölkədə güclü kadrların yetişməsində maraqlı və həvəsli deyillər. Özünün yüksək təhsili olmasa da, hər zaman təhsilə xüsusi diqqət ayırır. “İxtiyarım olsa, məscidləri söküb yerində məktəb tikərdim” ifadəsini onun məscidlərə münasibətinin deyil, təhsilə verdiyi önəmin, əhəmiyyətin göstəricisi kimi qəbul etmək lazımdır. Məgər biz dünyəvi təhsil sistemini dini təhsil sistemindən, alimi molladan uca tutan, elmi dindən daha vacib hesab edən Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyli kimi dahiləri Azərbaycanın əsl ziyalıları, mütəfəkkirləri, düşüncə adamları hesab etmirikmi? Bəs necə olur ki, onların fikirlərini, yanaşmalarını müdafiə edən, onlarla eyni dəyərləri bölüşən İ.Axundova qarşı çirkin kampaniya aparılır? Bu, cəmiyyətin müəyyən təbəqəsinin feodalizm, cahillik dövrünə sürüklənməsi, qayıtmasıdır, yoxsa sadəcə gözügötürməməzlik, paxıllıq?

İ.Axundov müsahibələrinin birində qeyd edib ki, 100 il yaşamaq yox, 100 il işləmək istəyir. Bu onun işə, zəhmətə verdiyi dəyərdən, işdən aldığı zövqdən xəbər verir. Yazıçı öz əsərindən, kitabından, rəssam əl işlərindən necə zövq alırsa, sahibkar da icra etdiyi işdən o cür zövq almalıdır. Tamamladığı bir tikili sahibkarın əsəridir və onun uçun insanların bu tikili haqqında yüksək fikirdə olması daha önəmlidir. Yəqin ki, bu kimi keyfiyyətlərə malik olmasıdır ki, bu gün İ.Axundova xarici ölkələrdən də təkliflər gəlir.

Azərbaycanın hər bir iş adamının uğurları bizi sevindirməlidir.

Sonda onu da qeyd edək ki, bəzilərinin iş adamına qarşı qərəzli münasibəti, çirkin kampaniyası onun xeyriyyəçilik fəaliyyətinə mənfi təsir göstərmək gücündə deyil.  Çünki  xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir və xarakter, əxlaq məsələsidir. 

Sokratın qeyd etdiyi kimi, xeyriyyəçilik əsil nəcib, alicənab insanlara aiddir. Xeyirxahlığı dərk etmək əxlaqi kamilliyə, xeyirxahlığa nail olmağa hazırlıqdır.  

Ədil Ədilzadə

SABAHİNFO.AZ saytının direktoru