Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib.
Sabahinfo.az Report-a istinadən xəbər verir ki, naziri muzeydə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri müşayiət ediblər.
Muzeyin direktor müavini Leyla Əliyeva qonaqlara muzeyin tarixi, fəaliyyəti və sərgilənən eksponatlar barədə geniş məlumat verib.
Ziyarət zamanı nazir Ceyhun Bayramova maarifçi, yazıçı və dramaturq Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat təqdim olunub. Həmçinin, muzeydə nümayiş etdirilən və Qarabağın incisi Şuşadan gətirilmiş müqəddəs torpaq nümunəsi də nazirin diqqətinə çatdırılıb.
Görüş çərçivəsində Ceyhun Bayramov Gürcüstanda Azərbaycan mədəniyyətinin yaşadılması və təbliği istiqamətində muzeyin fəaliyyətini yüksək qiymətləndirib, belə mədəniyyət ocaqlarının xalqlar arasında dostluğun möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.