Ötən həftə istifadəyə verilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək, bu sahədə qarşıya qoyulan məqsədləri təmin edəcək. 3 il ərzində ərsəyə gələn stansiyanın təhlükəsiz və dayanıqlı şəkildə işləməsi ölkənin inkişafına təkan verəcək. Bu gün dünyadakı geosiyasi vəziyyət Azərbaycanın enerji siyasətinin əhəmiyyətini daha da artırır. Enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycan qazının təchizat coğrafiyası genişlənməkdədir və əhatəsinə görə ölkəmiz bu gün dünya miqyasında qabaqcıl yerlərdədir.
Ölkəmizdə 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənib. Yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan edilib.
Bu illər ərzində ölkəmizdə enerji sistemi müasirləşdirilib. “Xızı-Abşeron” stansiyası Azərbaycanın “yaşıl enerji” siyasətinə uyğun olaraq enerji balansını daha davamlı edir. Həmçinin stansiyanın tətbiqi beynəlxalq investorlarla əməkdaşlığı gücləndirir, enerji layihələrinə olan etibarı artırır, bu da enerji sektorunda yeni layihələrin reallaşmasına təkan verir.
Külək enerjisi həm də ekoloji cəhətdən təmiz olduğundan atmosferə karbon emissiyalarını azaldacaq və ətraf mühitə mənfi təsiri minimuma endirəcək.
Ötən il istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında su elektrik stansiyalarının istismara verilməsi nəticəsində enerjisistemin qoyuluş gücü 15.6% artıb. Belə ki, məhz bu stansiya hesabına şərti yanacaq sərfiyyatının kəskin aşağı düşməsilə təbii qaza qənaət etmək üçün imkan yaranacaq. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Bu nəticələr ilk növbədə hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar hesabına əldə olunur.
Daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyi də Azərbaycanı enerji təhlükəsizliyi baxımından daha cəlbedici edir. Təsadüfi deyil ki, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş ərazilərin potensialı hesabına növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalını 2 dəfə artırmaq mümkün olacaq.
Beləliklə, Azərbaycanın atdığı addımların nə dərəcədə düzgün olduğu bir daha təsdiqini tapır.Cənab Prezident bəyan edib ki, növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu potensial, eyni zamanda investisiya və müsbət proqnozu olan reytinq səviyyəsində olması xarici invertorların Azərbaycana sərmayə yatırmaq marağını artırmaqdadır. “Xızı-Abşeron” kimi layhələr Azərbaycana enerji bazarında rəqabət üstünlüyü qazandırır.
Dövlətlər bərpaolunan enerji potensialını artırmaqla enerji təhlükəsizliyini gücləndirirlər. Belə ki, günəş, külək, su kimi mənbələr yerli olduğu üçün xarici enerji riskləri minimuma enir, baş verən böhranlar ölkə iqtisadiyyatına daha az təsir edir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı