Xruşov və Brejnev Jivkovun təklifinə “yox” deyən lider

1960-cı illərin əvvəllərində SSRİ yeni ərazilər qazanmaq, 16-cı müttəfiq respulika yaratmaq imkanı qaznıb. Amma bu məsələdə sovet liderlərinin heç bir təşəbbüskarlığı olmayıb. Təklif qarşı tərəfdən, Bolqarıstan kommunistlərindən gəlib.

1954-cü ildə Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilən Todor Jivkov digər sosialist blokunda olan ölkələrin rəhbərləri kimi bütün siyasi kursunu Kremlin göstərişləri ilə tənzimləyib. Amma o, digər həmkarlarından fərqli olaraq Moskvanın öz ölkəsindəki mütləq hakimiliyini rəsmiləşdirməyi qərarlaşdırıb, Bolqarıstanın SSRİ-nin tabeliyinə keçirilməsinə, 16-cı respublikaya çevrilməsinə cəhd edib.

maxresdefault-709x445.jpg (51 KB)

1963-cü ildə Bolqarıstan Kommunist Partiyası Mrkəzi Komitəsinin geniş tərkibli iclasında Todor Jivkov çıxış edərək SSRİ-yə daxil olmaq planlarını açıqlayıb və bu məsələni tarixin zərurəti kimi xarakterizə edib. Həmin toplantıda digər rəsmilər də onun fikrini dəstəkləyiblər:

Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Dimo Diçev:
“Bizim kommunistlərimiz SSRİ-ni həmişə öz vətənləri sayıblar. Buna görə də biz vahid ailə olmalıyıq...”
Bolqarıstan KP MK-nın tikinti şöbəsinin müdiri Radenko Vidinski:

“SSRİ kimi nəhəng bir dövlətin tərkibinə daxil olmaq böyük səadətdir, xoşbəxt gələcək deməkdir. Bu səbəbdən də mən bu məsələnin müsbət həllinə iki əllə səs verirəm...”

Bolqarıstan KP MK-nın büro üzvü Luçezar Avramov:
“Bolqarıstan kommunistlərinin bütün nəsilləri, babalarımız, atalarımız, o cümlədən biz həmişə ürəyimizdə bu arzu ilə yaşamışıq, SSRİ-nin bir parçasına çevrilmək arzusu ilə...”

22539da57cf82f8f339a9310b28f136c.jpg (74 KB)

Həmin iclasda bü cür çıxışların sayı çox olub, büro üzvləri Todor Jivkova tam dəstək verdiklərini bildiriblər. Sonda Jivkov bu məsələni referenduma çıxarmağı məqsədəuyğun saymayıb.

Maraqlı məqamlardan biri odur ki, iclasda iştirak edən Bolqarıstan KP MK-nın 168 üzvündən biri də dövlət müstəqilliyinin itirilməsi layihəsinə öz etirazını bildirməyib. Bəlkə də bildirmək istəyənlər olub, amma Todor Jivkovun yaratdığı diktatura rejimi buna imkan verməyib.

Bolqarıstan lideri həmin il, 1963-cü ildə SSRİ-də rəsmi səfərdə olarkən öz planlarını Nikita Xruşova açıqlayıb. Sovet lideri bu təklifə əvvəlcə yarızarafat, yarıciddi cavab verib: “Siz SSRİ-yə daxil olmaqla istəyirsiniz ki, Yunanıstana olan təzminat borcunuzu biz ödəyək? Yox, yoldaş Jivkov, bizim dollarımız yoxdur...” 

загружено.jpg (90 KB)

Daha sonra Xruşov Jivkova anladıb ki, Bolqarıstanın SSRİ-yə daxil edilməsi beynəlxalq aləmdə böyük səs-küyə səbəb olacaq, bundan isə daha çox SSRİ əziyyət çəkəcək.

Bolqar lideri növbəti dəfə bu məsələni Leonid Brejnevin dövründə gündəmə gətirib. Sovet lideri ilə görüşündə Todor Jivkov məsələni rəsmiləşdirmək istədiyini bildirəndə Brejnev özünəməxsus cavab verib: “Biz Bolqarıstanı xarici ölkə saymırıq. Bolqarıstan onsuz da SSRİ-nin 16-cı respublikası kimi qəbul edilir. Rəsmiyyətə nə ehtiyac var ki?”

18651889_303.jpg (54 KB)


 

Arzularını gerçəkləşdirə bilməyən Todor Jivkovun Bolqarıstanın SSRİ-nin tabeliyinə keçməsində başqa planları, şəxsi maraqları da olub. Zəngin həyat tərzini sevən Jivkov üçün Bolqarıstandan əldə etdiyi var-dövlət ona azlıq edib. Bolqar lideri Brejnevlə yaxınlığını düşünərək öz ölkəsini SSRİ-yə daxil etdikdən sonra SSRİ Nazirlər Sovetinin sədri (baş nazir) vəzifəsinə sahib olmağı planlaşdırıb.

Beləliklə, 35 il Bolqarıstana rəhbərlik edən Todor Jivkovun 16-cı respublika planı reallaşmayıb. Onun siyasi karyerasının sonluğu isə acınacaqlı yekunlaşıb. Sosializm sistemi süquta uğrayanda Bolqarıstanın siyasi qüvvələri Todor Jivkovu kürsüsündən uzaqlaşdırıb. Daha sonra onun haqqında cinayət işi açılıb.

82e9215103faa0a6a0ae6a34f1febe10.jpg (67 KB)

İstintaq araşdırmaları zamanı Todor Jivkov külli miqdarda dövlət vəsaitinin mənimsəmədə, vəzifəsindən sui-istifadədə, ölkənin iqtisadiyyatını dağıtmaqda, Bolqarstan türklərinə qarşı cinayət əməlləri törətməkdə ittiham olunub. Aşkar olunub ki, 72 dəbdəbəli mənzilə, xaricdə istehsal olunan 67 avtomobilə sahib olan Todor Jivkov 24 milyon ABŞ dolları həcmində dövlət vəsaitini mənimsəyib. Məhkəmə onu 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Səhhətindəki problemlərə görə onun cəzası ev dustağlığı ilə əvəz olunub. Bununla da SSRİ-də ikinci şəxsə çevrilmək istəyən Todor Jivkovun fəaliyyəti və hərəkəti 98 kvadrat metrlik mənzili ilə məhdudlaşdırılıb.

Qeyd edək ki, Todor Jivkov 1998-ci ildə, 87 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com