Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının, Muzey Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Yaddaşlarda yaşayan Xocalı” adlı sərgi təşkil olunacaq. SİA-nın verdiyi məlumata görə, sərgidə Azərbaycan rəssamlarının Xocalı faciəsinə həsr olunmuş əsərləri nümayiş etdiriləcək. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalı şəhərində dinc Azərbaycanlı əhaliyə qarşı Ermənistanın işğalçı ordusu tərəfindən soyqırımı törədilib. Sərgi-müsabiqə Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarını təsviri və dekorativ sənət əsərləri vasitəsi ifadə edilməsi, zaman-zaman xalqımızın başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir.
Sərgidə 62 rəngkarın 71, 23 qrafika rəssamının 28, 10 heykəltəraşın 12, 10 dekorativ-tətbiqi sənət ustasının 12 əl işi nümayiş olunacaq.
Qeyd edək ki, sərginin açılışı fevral ayının 25-də saat 17:00-da Muzey Mərkəzinin sərgi qalereyasında təşkil olunacaq. Sərgi fevral ayının 27-dək davam edəcək.