22 avqust 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi tərəfindən həyata keçirilən “İşğaldan azad olunmuş bölgəyə qayıtmış qadınlar və uşaqlarla iş” layihəsi çərçivəsində tədbir keçirilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova, Xocalı sakini Aydan Hüseynova, Yasamal rayon 53 və 21 saylı tam orta məktəblərin müəllimləri, Yasamal rayon bələdiyyəsinin əməkdaşları, məcburi köçkün ailələri və uşaqlar iştirak ediblər.
Öncə tədbir iştirakçıları Mərkəzin ekspozisiya bölməsində Ulu Öndərin büstünü ziyarət etdilər. Mərkəzin bələdçisi tərəfindən qonaqlara Ulu öndər Heydər Əliyevin siyasi irsini əks etdirən eksponatlar haqqında məlumat verildi. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva açaraq bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində işğaldan azad olunmuş torpaqlara böyük qayıdış prosesi başlayıb. Bu qayıdış təkcə torpaqlarımıza dönüş deyil, həm də xalqımızın mənəvi birliyinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin təntənəsidir. Bu prosesdə qadınların və uşaqların rolu və onlara göstərilən dəstək xüsusi önəm daşıyır. Çünki qadın ailənin dayağı, uşaqlar isə gələcəyimizin təminatıdır.
Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini Ayşən Hüseynova “İşğaldan azad olunmuş bölgəyə qayıtmış qadınlar və uşaqlarla iş” layihəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq bildirdi ki, dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qadınlar və uşaqlar həmin bölgələrdə layiqli yaşayış mühitinə qovuşacaq, gələcək nəsillərin firavan həyatı üçün möhkəm zəmin formalaşacaqdır.
Tədbirdə çıxış edən qonaqlar və məcburi köçkün ailələrin nümayəndələri öz doğma torpaqlarına qayıtmaq, bu torpaqlarda yaşamaq arzularını tədbir iştirakçıları ilə bölüşdülər.


