Yasamalda Ulu Öndərlə bağlı tədbir keçirildi

Yasamal rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi və Qərbi Azərbaycan mövzusunda tədbir keçirib.

Sabahinfo.az xəbər verir ki, bununla əlaqədar Ümummilli Liderin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr edilmiş “Qərbi Azərbaycana qayıdışın ideoloji əsasları: Heydər Əliyev irsində Qərbi Azərbaycan məsələsi” adlı tədbir baş tutub.

İlk olaraq Dövlət Himni səsləndirilib, Ulu Öndər və ərazi bütövlüyümüz uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırmağın vacibliyindən danışıb. Sonra Ulu Öndərin ilk hakimiyyəti dövründəki fəaliyyətinə dair film nümayiş etdirilib.

Tədbirdə geniş nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də - 14 iyul 1969-cu il böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür.

Elşad Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi dahiliyi ondan ibarət idi ki, o, bütün addımlarını Azərbaycanın gələcək uğurlarına hesablayıb.

Belə ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük işlər görmüşdü: yeni sənayeləşmə siyasəti, gənclər üçün kütləvi təhsil imkanlarının yaradılması, aqrar islahatlar və sairə. O zaman Sovet respublikaları arasında Azərbaycan inkişaf səviyyəsinə görə son yerlərdən ön sıralara keçməyə nail olub.

Ulu Öndərin rəhbərliyinin ikinci dövründə isə tarixi hadisələr baş verib. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtarıb.

İcra başçısı vurğulayıb ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini Prezident İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir. Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir.

Elşad Həsənov bildirib ki, Ulu Öndərin ideyaları hər birimiz üçün əzizdir. Bu gün ölkəmizdə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən görülən işlər böyük miqyasdadır. Prezident İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondu Qarabağda tarixi abidələrimizin bərpasında böyük rol oynayır.

E. Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin komandanlığı altında Qarabağın işğaldan azad edilməsi o torpaqlara yeni həyat qaytarıb. Qarabağda görülən quruculuq işləri qərbi azərbaycanlılarda qayıdışa inam hisslərini gücləndirib. Döpvlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycan İcmasının fəaliyyəti genişlənir.

Yasamal RİH başçısı ümidvar olduğunu bildirib ki, sovet dönəmində Ulu Öndərin təşəbbüsü ilə Ağkilsə kəndində Aşıq Ələsgərə ucaldılan abidə və müasir dövrdə Prezident İlham Əliyevin göstərişi ilə ustada Bakıda ucaldılan abidə tezliklə Qərbi Azərbaycanda bərpa ediləcək.

Daha sonra tədbirdə professor Misir Mərdanov, Milli Məclisin komitə sədrləri Musa Urud, Şahin İsmayılov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və digər natiqlər Qərbi Azərbaycan icmasının fəaliyyətinə dair çıxış ediblər. Bu mövzuya həsr edilmiş “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı baş tutub. 

“Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi iştirakçıların böyük marağına səbəb olub.

Kitab Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılması faktlarını sənədləşdirərək, beynəlxalq hüquqa ünvanlanmış faktoloji bazanı gücləndirir. Bu cinayət aktları – yalnız mədəni vandalizm deyil, həm də bəşəri dəyərlərə qarşı yönəlmiş məqsədli siyasətdir.

Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan heç vaxt bu faktları unutmayacaq və bu hüquqların bərpası üçün sonadək mübarizə aparacaq. Təqdim olunan kitab bu yolda elmi və hüquqi cəbhənin silahı rolunu oynayır.

Tədbir iştirakçıları, habelə Qərbi Azərbaycan mövzusuna həsr edilmiş videofilmə baxış keçiriblər. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Fəxri fərmanlar və partiya biletləri təqdim edilib.