Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün 2025-ci ilin ilk səyyar qəbulu keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 21 nömrəli tam orta məktəbin akt zalında baş tutub. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, MKTB və kommunal xidmət rəhbərləri də iştirak etdilər. İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ilk öncə sakinləri salamlayaraq Yeni il münasibətilə təbrik etdi, təklif və müraciətləri bərədə soruşdu.
Söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri küçələrin asfaltlanması, mənzillərin su təchizatı, qurumuş ağacların budanması, maddi köməklik, istiliklə təchizat və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.